İQTİSADİYYAT


“Qobu” yarımstansiyasının tikintisinin gələn ilin sonunadək tamamlanması gözlənilir

Bakı, 11 noyabr, AZƏRTAC 

Ölkədə elektrik enerjisinə artan tələbat, xüsusilə torpaqlarımızın işğaldan azad olunmasından sonra bu tələbatın daha da çoxalması enerji sistemində aparılan tikinti və yenidənqurma işlərinin sürətləndirilməsini şərtləndirib.

“Azərenerji” ASC-nin İctimaiyyətlə əlaqələr və media mərkəzindən AZƏRTAC-a bildirilib ki, məhz bu səbəbdən də “Azərenerji” gücünü səfərbər edərək bütün istiqamətlərdə, o cümlədən yeni tikilən 1000 meqavat yükötürmə gücündə olan 330, 220, 110 kilovoltluq “Qobu” yarımstansiyasında və 385 meqavatlıq “Qobu” elektrik stansiyasında işləri daha da intensivləşdirib.

“Qobu” enerji layihəsi ölkə enerji sistemində bir mənbədən asılılığı aradan qaldırmaq, Bakı və Abşeronun elektrik enerjisi ilə təchizatının dayanıqlılığını və etibarlılığını maksimum səviyyəyə çatdırmaq, ölkə üzrə artan tələbatı qarşılamaq, regionlardakı elektrik stansiyalarının Bakıya yönələn yükünü azaldıb əyalətlərə sərf edilməsi baxımından müstəsna rola malik olacaq.

Yaradılan yeni mənbə Abşeron enerji sistemində tənzimləyici generasiya gücü funksiyasını daşıyacaq. Burada tikilən “Qobu” yarımstansiyasının xüsusi özəlliyi ondan ibarətdir ki, bu, Bakıda tikilən ilk 330 kilovoltluq yarımstansiya olacaq və ən əsası ölkənin strateji yarımstansiyası olan 500 kilovoltluq “Abşeron” yarımstansiyasının əvəzedicisi funksiyasını daşıyacaq.

Artıq elektrik stansiyasının hər 3 maşın zalının yeraltı kommunikasiya xətlərində aparılan işlər tamamlanıb, 7 blok transformatorunun yeraltı əlaqələnmə xətləri çəkilib, su, drenaj, qaz boruları atılıb, metal-konstruksiya işləri davam edir. Yarımstansiyada isə işlərin çox hissəsi, o cümlədən metal-konstruksiya işləri başa çatıb, hazırda isə avadanlıqların montajı aparılır. Yeni idarəetmə binası tikilib və binanın montaj işləri davam edir. Eyni zamanda, müasir standartlara cavab verəcək tədris və yataqxana binasının inşası həyata keçirilir.

“Qobu” layihəsinin enerji sistemi ilə inteqrasiyası üçün çəkilən yüksəkgərginlikli xətlərin inşası da sürətlə davam edir. “Qobu” enerji layihəsinin nəzərdə tutulan vaxtdan bir qədər də tez - gələn ilin sonuna qədər tamamlanması nəzərdə tutulub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.