MƏDƏNİYYƏT


Qobustan Milli Tarix - Bədii Qoruğu Orta Asiya ölkələri ilə yeni layihə üzərində işləyir

Bakı, 2 noyabr, Ceyhun Alışlı, AZƏRTAC

Qobustan qoruğu çox aktiv beynəlxalq əlaqələrə malikdir. Bu bizə həm abidələrimizi təbliğ etməyə, həm də fəaliyyətimizi daim beynəlxalq standartlara uyğun qurmağa kömək edir.

Bu sözləri AZƏRTAC-a müsahibəsində Qobustan Milli Tarix - Bədii Qoruğunun direktoru Vüqar İsayev deyib.

O qeyd edib ki, UNESCO-nun Dünya Mədəni İrsi statusuna malik abidə kimi Qobustan mütəmadi olaraq bu beynəlxalq təşkilatın müvafiq strukturları ilə qarşılıqlı fəaliyyət göstərir. Bundan başqa, Qobustan qoruğu Avropa Şurasının Mədəni Marşrutlar İnstitutunun “Preshistoric Rock Art Trails” (PRAT-CARP) mədəni marşrutunun üzvüdür. Təşkilatın məqsədi Avropanın qayaüstü incəsənət abidələrində elmi tədqiqat işlərini , administrativ və mədəni fəaliyyətini təşviq etmək, birgə turizm marşrutlarını yaratmaqdır.

Müsahibimiz əlavə edib ki, bu mədəni marşrutda İspaniya, Fransa, İtaliya, Norveç, İsveç, Portuqaliya, İrlandiya, Gürcüstan və Azərbaycandan 112 arxeoloji və ya qayaüstü incəsənət abidəsi təmsil olunur. Hazırda Qobustan qoruğu Mədəniyyət Nazirliyinin nümayəndəsi kimi təşkilatın idarə heyətinin üzvüdür.

“Elmi sahədə də beynəlxalq əməkdaşlıq daim diqqət mərkəzindədir. Hazırda İtaliyadan Qobustanda elmi tədqiqat aparmaq üçün daxil olmuş müraciətə baxılır. Həmçinin, qoruğa Orta Asiyanın qayaüstü incəsənət abidələrini cəlb etməklə beynəlxalq layihə həyata keçirmək planı üzərində iş aparılır. Yəni bu coğrafiyada yerləşən dövlətlərlə qarşılıqlı səfərlər təşkil olunacaq, bir yerdə elmi tədqiqat işləri aparılacaq, Qobustanla bu abidələrin ortaq xüsusiyyətlərini müəyyən edib kitab şəklində çap edəcəyik”, - deyə o vurğulayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.