İQTİSADİYYAT
Qobustan-Səngəçal mənzilində 6,5 kilometr yol əsaslı təmir olunur
Bakı, 19 dekabr (AZƏRTAC). “Azərbaycan Respublikasında dəmir yolu nəqliyyat sisteminin 2010-2014-cü illərdə inkişafına dair Dövlət Proqramı”nın icrası çərçivəsində Bakı-Böyük Kəsik istiqamətində 317 kilometr yolun əsaslı təmiri davam edir.
“Azərbaycan Dəmir Yolları” QSC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, cari ilin dekabrın 19-dan 26-dək növbəti yol qoyuluşuna başlanılır və Qobustan-Səngəçal mənzilində 6,5 kilometr yol əsaslı təmir olunur.
Əsaslı təmir işlərini “Azərbaycan Dəmir Yolları” QSC “Dəmiryolservis” MMC-nin müəssisələri və İnfrastruktur Departamentinin müvafiq qurumları həyata keçirir.
“Dəmiryolservis” MMC-nin baş mühəndisi Əfsələddin Gəncəliyevin məlumatında bildirilir ki, dekabrın 19-da səhər saatlarında işə başlanılıb və köhnə yolun söküntüsü davam edir.
Dövlət Proqramı çərçivəsində Bakı-Böyük Kəsik istiqamətində 317 kilometr yolun əsaslı təmirinə 2011-ci ilin iyunun 10-da Tatlı-Ağstafa sahəsinin 97-ci kilometrində başlanmışdır. Bu günədək 160,2 kilometr yol əsaslı təmir edilmişdir.
İnfrastruktur Departamenti tərəfindən Bakı-Böyük Kəsik-Bakı istiqamətində əsaslı təmir olunması nəzərdə tutulan yolun təmir ardıcıllığı siyahısı hazırlanmış və işlər müvafiq cədvələ uyğun həyata keçirilir.
Yolların əsaslı təmiri prosesini Çexiyanın “İxrac” Bankının nəzarət qrupu müşahidə edir.