CƏMİYYƏT


“Qobustan - tarixin daş yaddaşı” adlı tədbir keçirilib

Bakı, 23 oktyabr, İlyas Zeynallı, AZƏRTAC

Oktyabrın 23-də Qobustan Milli Tarix-Bədii Qoruğunda “Qobustan - tarixin daş yaddaşı” adlı tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbir Gənclər və İdman Nazirliyi tərəfindən Qobustan Milli Tarix-Bədii Qoruğunun dəstəyi ilə baş tutub.

Layihənin məqsədi xarici qonaqlara Azərbaycan tarixi haqqında məlumat vermək, Qobustanın dünyanın ilk yaşayış məskənlərindən biri olduğunu çatdırmaqdır.

Tədbirdə gənc aktyorların iştirakı ilə qədim insanların yaşayışını və mədəniyyətini əks etdirən səhnələr təqdim olunub.

Tamaşadan sonra Gənclər və İdman nazirinin müavini İntiqam Babayev tədbir barədə məlumat verərək deyib ki, bu günlərdə Bakıda “Yaşıl planet” beynəlxalq tələbə məktəbi layihəsi həyata keçirilir. Azərbaycan daxil olmaqla doqquz ölkənin gənclər təşkilatının nümayəndələri, gənc ekoloqlar və alimlər tədbirdə iştirak edirlər. Layihənin əsas məqsədi ətraf mühitin mühafizəsi, ekoloji maarifləndirmə sahəsində görülən işlərlə bağlı təcrübə mübadiləsi aparmaqdır. Müxtəlif ölkədən gələn qonaqlara Azərbaycan mədəniyyətini göstərmək istəyirik. Odur ki, Qobustanda qədim insanların yaşayışını əks etdirən tamaşa təqdim olundu. Azərbaycanın, eləcə də Qobustanın dünyanın ən qədim yaşayış məskənlərindən biri olduğunu nəzərə alaraq tariximizin bir parçasını gələn qonaqlara nümayiş etdirdik.

Layihə “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının müvafiq bəndlərinin icrasını təmin etmək məqsədilə, həmçinin “MDB üzv dövlətlərinin 2018-2020-ci illər üçün humanitar əməkdaşlıq sahəsində prioritet tədbirlər planı”na uyğun olaraq həyata keçirilən “Yaşıl planet” beynəlxalq tələbə məktəbi çərçivəsində reallaşdırılıb.

Xatırladaq ki, oktyabrın 20-dən başlayan yeddigünlük “Yaşıl planet” məktəbində gənclər ətraf mühitin qorunması və ekoloji liderlik sahəsində seminar və ustad dərslərində iştirak edirlər. İştirakçılara, həmçinin Bakının görməli yerləri, Azərbaycanın tarixi, mədəniyyəti və adət-ənənələri ilə tanışlıq imkanı yaradılıb. Beynəlxalq layihəyə 100 gənc qatılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.