REGİONLAR
Qobustan gəncləri təntənəli şəkildə hərbi xidmətə yola salınıblar
Qobustan, 7 iyul, AZƏRTAC
Prezident İlham Əliyevin Sərəncamına əsasən, respublikamızın hər yerində olduğu kimi, Qobustan rayonunda da gənclər növbəti hərbi xidmətə yollanıblar.
AZƏRTAC xəbər verir ki, bununla əlaqədar Qobustan şəhərindəki Heydər Əliyev parkında təntənəli yolasalma mərasimi keçirilib.
Mərasimdə iştirak edən rayon rəhbərliyi, ağsaqqallar, valideynlər və gənclər əvvəlcə müasir müstəqil Azərbaycan dövlətinin, eləcə də Silahlı Qüvvələrimizin qurucusu ulu öndər Heydər Əliyevin parkdakı abidəsini ziyarət edərək önünə gül dəstələri düzüb, xatirəsini dərin ehtiramla yad ediblər.
Təntənəli mərasimdə Azərbaycanın Dövlət himni səsləndirilib, şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad olunub.
Rayon icra hakimiyyətinin başçısı Adil Məmmədov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qobustan rayon bölməsinin rəisi, polkovnik-leytenant Mərdan Nəhmətov gəncləri təbrik edərək, Azərbaycan Ordusunun müstəqilliyimizin, xoşbəxt gələcəyimizin qarantı olduğunu diqqətə çatdırıb, Silahlı Qüvvələrimizin sıralarında qulluq etməyin böyük şərəf olduğunu söyləyiblər. Vurğulanıb ki, Prezident, Ali Baş Komandan İlham Əliyevin ordu quruculuğuna göstərdiyi diqqət və qayğı sayəsində bu gün Azərbaycan Silahlı Qüvvələri regionun ən güclü ordusudur. Ötən ilin aprel döyüşləri bunu bir daha göstərdi..
Rayon Ağsaqqallar Şurasının sədri Şıxbala Bayramov, müharibə veteranı Altay Əmirov, valideyn Ağazaman Güləliyev çağırışçılara tövsiyələrini veriblər.
Çağırışçılar adından çıxış edən Vaqif Qədirov Vətən qarşısındakı hərbi borclarını ləyaqətlə yerinə yetirəcəklərini, onlara göstərilən etimadı layiqincə doğruldacaqlarını bildirib.
Sonra meydana Azərbaycan Respublikasının Dövlət bayraği gətirilib. Çağırışçılar bayrağın önünə gələrək onu öpüb və Vətənə sədaqətlə qulluq edəcəklərini bildiriblər.
Çağırışçı gənclər musiqi sədaları altında rəqs edib, hərbi hissəyə yola düşüblər.