CƏMİYYƏT


Qobustan qoruğunda kütləvi ağacəkmə aksiyası zamanı 3 mindən artıq ağac əkilib

Bakı, 13 aprel, AZƏRTAC

Aprelin 13-də Qobustan Milli Tarix-Bədii Qoruğunun təşkilatçılığı ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Bu yaz özün bir təbiət yarat” devizli yaz ağacəkmə kampaniyası çərçivəsində qoruq ərazisində ağacəkmə aksiyası həyata keçirilib.

AZƏRTAC xəbər verir ki, aksiya Mədəniyyət Nazirliyi və nazirliyin Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin dəstəyi ilə gerçəkləşib.

Tədbirdə mədəniyyət naziri Əbülfəs Qarayev, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev, Hesablama Palatasının sədri Vüqar Gülməmmədov, Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov, Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Zakir Sultanov iştirak edib. Mətbuat nümayəndələrinə açıqlama verən mədəniyyət naziri Əbülfəs Qarayev bu təşəbbüsün əhəmiyyətini yüksək qiymətləndirib: “Qobustan tariximizin ən müqəddəs məkanlarından biridir. Bu gün Qobustan Milli Tarix-Bədii Qoruğunda kütləvi ağacəkmə aksiyası həyata keçirilir. Mədəniyyət Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, eləcə də  Hesablama Palatasının əməkdaşları, mədəniyyət və incəsənət xadimləri bu aksiyada iştirak edir. Bildiyiniz kimi, Qobustan qoruğu 2007-ci ildə UNESCO-nun Dünya irsi siyahısına daxil edilib. Bu il UNESCO-nun Dünya İrs Komitəsinin 43-cü sessiyası Bakı şəhərində keçiriləcək. Bu münasibətlə Azərbaycana 3 mindən artıq qonağın gələcəyi nəzərdə tutulur. Onların ölkəmizdə UNESCO-nun Dünya irs siyahısına daxil olan abidlərlə tanışlığı da gözlənilir. Bunların sırasında Qobustan qoruğu da var”.

Əbülfəs Qarayev onu da diqqətə çatdırıb ki, Qobustan qoruğundakı muzey 2013-cü ildə Avropanın beş ən yaxşı muzeyi sırasına daxil olub. Bu muzeyin tikintisi Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə aparılıb, eləcə də qoruqda abadlıq işləri görülüb.

Nazir vurğulayıb ki, xalqımızın böyük sərvəti olan Qobustanın qorunması, gələcək nəsillərə ötürülməsi bizim borcumuzdur.

Qobustan Milli Tarix-Bədii Qoruğunun direktoru Vüqar İsayev ağacəkmə aksiyası haqqında məlumat verib. Bildirib ki, aksiya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Bu yaz özün bir təbiət yarat” devizi əsasında reallaşır. Qobustan qoruğunun Böyükdaş dağına gedən yolun sağ və sol tərəfində, 30 metr zolaqda yerli landşafta uyğun akasiya, badam, sərv, Eldar şamı və zeytun ağaclarının əkilir. Qeyd edək ki, aksiyada ümumilikdə 3 mindən artıq ağac əkilib.

Tədbir iştirakçıları daha sonra qoruğun muzeyi ilə tanış olublar. Məlumat verilib ki, Qobustan Tarixi-Bədii Qoruğunda tikilən muzey öz müasirliyi ilə seçilir. Muzeydəki məlumat mərkəzində qonaqlar sensor ekrandan istifadə etməklə müxtəlif dillərdə ətraflı informasiya əldə edə bilərlər. Müasir innovativ texnologiya ilə təchiz olunmuş muzeydə xüsusi multimedia proqramları ilə hazırlanmış sensor ekranları, interaktiv stendlər, 3D video ziyarətçilərin ixtiyarına verilib. Qeyd olundu ki, burada quraşdırılmış sensor ekranda minilliklər ərzində Xəzər dənizinin necə dəyişdiyini əks etdirən animatik təqdimatı müşahidə etmək, Qobustanın təbiəti, florası haqqında məlumatlar almaq mümkündür.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.