REGİONLAR
Qobustan rayonunda qarşıda duran vəzifələr geniş müzakirə olunub
Qobustan, 19 iyul, AZƏRTAC
Qobustanda hesabat yığıncağı keçirilib, 2017-ci ilin altı ayında sosial-iqtisadi inkişafın yekunları və qarşıda duran vəzifələr geniş müzakirə olunub.
AZƏRTAC xəbər verir ki, məsələ ilə əlaqədar rayon icra hakimiyyətinin başçısı Adil Məmmədovun məruzəsində, eləcə də müzakirələrdə yarım ildə iqtisadiyyatın, sosial-iqtisadi həyatın ayrı-ayrı sahələrində mühüm işlərin görüldüyü, bir sıra uğurlu nəticələrin qazanıldığı diqqətə çatdırılıb.
Qeyd edilib ki, kənd təsərrüfatı rayonu olan bölgədə taxılçılıq aqrar sektorda aparıcı sahələrdəndir. Cari ilin məhsulu üçün 27 min 173 hektar sahədə taxıl yetişdirilib. Artıq 6 min 19 hektar sahədə buğda, 7 min 190 hektarda arpa biçilib. Təəssüflə qeyd olunub ki, iyunun 1-də rayon ərazisinə düşən dolu 1081 hektar zəmini tamamilə məhv edib. Əlverişsiz keçən hava məhsuldarlığa da təsir göstərib.
İqtisadiyyatın aparıcı sahələrindən olan heyvandarlıqda yarım ilin nəticələri diqqətəlayiqdir. Hazırda iribuynuzlu mal-qaranın baş sayı ötən ilin müvafiq dövrünə nisbətən artaraq 30 min 592 başa, davarların sayı isə 11 min 510 başa çatıb. Heyvandarlıq məhsulları istehsalı da bütün göstəricilər üzrə artıb.
Yarım ildə rayonda tikinti-quruculuq sahəsində də xeyli iş görülüb. Cəmcəmli kəndində tibb məntəqəsinin, rayon mərkəzində 100 yerlik ikimərtəbəli uşaq bağçasının inşası başa çatdırılıb. Qobustan şəhərində 624 şagird yerlik üçmərtəbəli məktəb binasının, 50 çarpayılıq xəstəxananın tikintisi davam edir. Son iki ayda şəhər küçələrinin 70 faizi asfaltlaşdırılıb.
May və iyun aylarında yağan yağış və güclü dolu Poladlı və Şıxzahirli kəndlərində yol təsərrüfatına və elektrik xətlərinə ciddi ziyan vurmuşdu. Qısa müddətdə Poladlı kəndində Pirsaat çayı üzərindəki körpü möhkəmləndirilib, elektrik xətləri bərpa olunub. Şıxzahirli kəndində də 2 kilometr yol, 2 körpü yenidən bərpa edilib.
Məruzə və çıxışlarda rayon əhalisinin elektrik enerjisi, təbii qazla normal təminatı, su təchizatı, yolların təmiri ilə əlaqədar görülən işlərdən, habelə qarşıda duran vəzifələrdən də ətraflı danışılıb. Həmçinin rayonun Qaracüzlü kəndi ərazisində 1000 hektar sahədə aqroparkın yaradılması, Xilmilli və Təklə Mirzəbaba kəndlərində qazılan subartezian quyularının istifadəyə verilməsi, aqrar sektorda məhsuldarlığın yüksəldilməsi ilə əlaqədar lazımi tədbirlərin görüldüyü diqqətə çatdırılıb.