CƏMİYYƏT
Qobustan sakinləri xərçəng xəstəliyinin profilaktikasına dair maarifləndiriliblər
Bakı, 1 dekabr, AZƏRTAC
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə “Skalper” Xəstələrə Yardım İctimai Birliyi Qobustan rayonunda xərçəng xəstəliyinin profilaktikasına dair maarifləndirmə sessiyası keçirib.
İctimai Birlikdən AZƏRTAC-a bildirilib ki, tədbir risk qrupuna daxil olan insanlar üçün onkoloji xəstəliklərlə bağlı pulsuz məsləhət xidmətlərinin göstərilməsi məqsədilə təşkil edilib.
Tədbirdə rayonun tibb işçiləri, xəstələr və risk qrupuna daxil olan insanlar iştirak ediblər. İştirakçılara xərçəng xəstəliyi, ətraf mühitin xəstəliyə təsiri, düzgün qidalanma, sağlam həyat tərzi haqqında ətraflı məlumat verilib və həkimlər tərəfindən onların sualları cavablandırılıb.