İQTİSADİYYAT
Qobustan sakinlərinin təbii qazla bağlı problemləri dinlənilib
Bakı, 7 iyun, AZƏRTAC
İstehlakçılarla keçirilən görüşlərdə məqsədimiz sizlərin yanında olmaq, qaz təchizatı ilə bağlı üzləşdiyiniz çətinlikləri yerindəcə özünüzdən eşitmək və bu müraciətlərin “Azəriqaz” İstehsalat Birliyinin rəhbərliyinə çatdırılmasında sizlərə yardımçı olmaqdan ibarətdir.
AZƏRTAC xəbər verir ki, bu sözləri Birliyin Əsaslı tikinti şöbəsinin rəisi Əkrəm Əkbərli Qobustan rayonunda sakinlərlə keçirilən görüşdə bildirib. Şöbə rəisi vətəndaşları qaz təchizatı ilə bağlı üzləşdikləri çətinlikləri açıq şəkildə səsləndirməyə çağırıb. Görüşdə 20-dək sakin səyyar qəbul otağının imkanlarından yararlanıb. Şəhid atası Arif Vəliyev ünvanladığı müraciətin birbaşa baş direktora çatdırılmasını xahiş edərək yaşadığı Sədəf kəndinin təbii qazla təmin olunmasını istəyib. Digər çıxış edənlər qapı keçidinin quraşdırılması, qaz xəttinin yerinin dəyişdirilməsi, işə qəbul, bir sıra kənd və yeni yaşayış massivlərinin qazlaşdırılması ilə bağlı müraciət ediblər. Daxil olan bütün müraciətlər qeydiyyata alınaraq Birliyin məsul şəxsləri tərəfindən cavablandırılıb, vətəndaşlara lazımi izahatlar verilib.
Qeyd edək ki, “Açıq mikrofon” aksiyası sabah Şamaxı, iyunun 9-da Ucar, iyunun 10-da isə İsmayıllı rayonunda təşkil olunacaq.