REGİONLAR
Qobustan taxılçıları biçin kampaniyasını sürətlə davam etdirirlər
Qobustan, 5 iyul, AZƏRTAC
Qobustan rayonunda taxıl biçini davam edir və az vaxtda 1545 hektar sahənin məhsulu yığılıb.
Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, builki mövsümdə Qobustanda 30 min 578 hektarda taxıl yetişdirilib. Zəmilərin 19 min 500 hektarı buğda, qalanı isə arpadır. Hazırda hər gün zəmilərə 15 kombayn çıxarılır. Köməyə aran rayonlarından əlavə kombaynlar da cəlb olunacaq. Sahələrdə orta məhsuldarlıq 24,1 sentnerdir.
Əksər ərazilərdə, xüsusilə Qobustan şəhər, Cəyirli, Təklə, Bədəlli və bir sıra digər icra nümayəndəliklərində biçin daha mütəşəkkil aparılır və bu yerlərdə məhsuldarlıq daha çoxdur. Rayonda taxılçılıqla məşğul olan fermerlər, fiziki şəxslər bu mühüm strateji məhsulun tez və itkisiz yığılması üçün bütün qüvvələrini səfərbər ediblər.