REGİONLAR
Qobustan taxılçıları cari mövsümdə 31 min hektar zəminin məhsulunu yığacaq
Qobustan, 21 iyun, AZƏRTAC
Qobustan rayonunda taxıl biçini kampaniyasına ciddi hazırlıqla başlanılıb və qısa vaxtda 2400 hektar zəminin məhsulu yığılıb.
Rayon Kənd Təsərrüfatı İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, cari mövsümdə bölgədə 31 min hektarda mühüm strateji məhsul olan taxıl yetişdirilib. Zəmilərin 20 min 200 hektarı buğda, 10 min 900 hektarı isə arpadır. Hazırda hər gün sahələrə 22 kombayn çıxarılır. Biçinə əlavə kombaynların da cəlb edilməsi üçün tədbirlərə başlanılıb. Biçilən sahələrin 1950 hektarı arpa, 450 hektarı buğdadır. Dəmyə şəraitində hələlik hər hektardan orta məhsuldarlıq 22 sentner təşkil edir. Bu, ötənilki göstəricidən artıqdır.
Rayonun bir sıra ərazi vahidlərində, o cümlədən Dərəkənddə, Cəmcəmlidə, Yekəxanada, Təklədə və digər yerlərdə məhsuldarlıq daha yüksəkdir. Ümumiyyətlə, bölgədə məhsuldarlığın daha yüksək olacağı gözlənilir.