REGİONLAR
Qobustan taxılçıları payız səpinini başa çatdırıblar
Qobustan, 15 dekabr, AZƏRTAC
Qobustan rayonunda payızlıq taxıl səpini kampaniyası başa çatıb.
Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, cari mövsümdə 30 min 500 hektarda payızlıq əkin aparılıb. Bu, ötən ilin müvafiq əkin kampaniyası ilə müqayisədə 200 hektar çoxdur. Əkilən sahələrin 21 min 400 hektarı buğda, qalanı isə arpadır.
İri taxılçılıq təsərrüfatları olan Sündü, Xilmilli, Cəyirli, Təklə və bir sıra digər ərazi icra nümayəndəliklərində bu mühüm kampaniya daha mütəşəkkil aparılıb. Cari mövsümdə taxılçılar yerli şərait üçün əlverişli olan “Qobustan”, “Qızıl buğda”, “Aran” buğda, əsasən də “Cəlilabad” arpa sortlarından istifadə ediblər.
Rayonun ilkin taxıl əkilən bütün ərazilərində normal çıxış alınıb. Bu, əkin sahələrinin 70 faizini təşkil edir. Hazırda hər yerdə təhlükəli zərərverici olan gəmiricilərə qarşı qabaqlayıcı tədbirlər görülür.