CƏMİYYƏT
Qobustanda gənclər arasında azərbaycançılıq ideologiyasının təbliğinə dair konfrans keçirilib
Bakı, 3 noyabr, AZƏRTAC
“Türkiyə Universitetləri Məzunları” İctimai Birliyi (TUMİB) Qobustan Rayon İcra Hakimiyyətinin dəstəyi ilə “Gənclər arasında dini radikalizmə qarşı mübarizədə azərbaycançılıq ideologiyasının təbliği” mövzusunda konfrans təşkil edib.
İctimai Birlikdən AZƏRTAC-a bildiriblər ki, Qobustan rayon Mədəniyyət evində keçirilən tədbirin iştirakçıları əvvəlcə Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə həlak olmuş qəhrəman Vətən övladlarının xatirəsini bir dəqiqəlik sükutla yad edib, dövlət himnini səsləndiriblər.
Qobustan Rayon İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini - dini qurumlarla işin təşkilatçısı Aftandil Şikarov tədbirdə çıxış edərək rayonda dini maarifçilik mövzusunda keçirilən tədbirlər barədə məlumat verib. Qeyd olunub ki, Azərbaycanda müxtəlif millətlərin və dinlərin nümayəndələrinin birgəyaşayış modeli bütün dünyada nümunə kimi qəbul edilir.
Çıxışında konfransın əhəmiyyətini xüsusi vurğulayan TUMİB-in sədri Çingiz Bayramov dini radikalizmə qarşı mübarizədə ən böyük maarifləndirmə vasitəsi kimi gənclər arasında azərbaycançılıq ideologiyasının təbliğinin vacibliyini diqqətə çatdırıb. Dinin cəmiyyətin həyatında ən mühüm amillərdən biri olduğunu vurğulayan Ç.Bayramov Azərbaycanda tarixən formalaşmış və bu gün ən yüksək səviyyədə olan milli və dini tolerantlıq mühitindən bəhs edib. TÜMİB sədri əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan azərbaycançılıq ideologiyasının Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilməsi nəticəsində Azərbaycan cəmiyyətində yüksək mənəvi birliyin olduğunu bildirib. O, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin bu sahədə fəaliyyətini yüksək qiymətləndirib..
Digər çıxışlarda da gənclərin yad və radikal dini cərəyanların təsirindən qorunmasının cəmiyyətin qarşısında duran başlıca vəzifə olduğu diqqətə çatdırılıb. Natiqlər çıxışlarında ölkəmizin multikulturalizm, azərbaycançılıq və dini dözümlülük siyasətindən danışıb, azərbaycançılıq məfkurəsinin hər bir gənc üçün qürur mənbəyi olduğunu bildiriblər.