REGİONLAR


Qobustanda miqrasiya xidməti barədə maarifləndirici tədbir keçirilib

Qobustan, 17 avqust, AZƏRTAC 

Ağsu Regional Miqrasiya İdarəsinin xidməti ərazisinə daxil olan Qobustan rayonunda “Vətəndaşsızlıq hallarının aradan qaldırılması”, “Əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin olduğu yer üzrə qeydiyyata alınması qaydaları” mövzularında maarifləndirici tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, Qobustan Rayon İcra Hakimiyyətində keçirilən tədbirdə çıxış edən rayon icra hakimiyyəti başçısının müavini, ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Təranə Güləliyeva müzakirə edilən məsələlərlə bağlı daxil olan müraciətlərdən danışıb. O, xüsusilə Xilmilli kəndində yaşayan Gürcüstan vətəndaşı Qəmbərov Bəhruz Savalan oğlunun övladlarının doğum haqqında şəhadətnamələri ilə əlaqədar müraciətinin rəsmi həlli ilə bağlı məlumat verib.

Tədbirdə Ağsu Regional Miqrasiya İdarəsinin bölmə rəisi, müvəqqəti rəis vəzifəsini icra edən Rəfael Huseynov, idarənin vətəndaşların qəbulu və müraciətlərinə baxılması bölməsinin inspektoru Həmid Həbibov çıxış edərək vətəndaşsızlıq hallarının aradan qaldırılması, əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin olduğu yer üzrə qeydiyyata alınması qaydalarından, vətəndaşlıq məsələləri və miqrasiya qanunvericiliyi ilə əlaqədar yeniliklərdən bəhs ediblər.

Tədbirin sonunda vətəndaşların müraciətləri dinlənilib, sualları cavablandırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.