MƏDƏNİYYƏT
Qobustanda möhtəşəm elektron musiqi gecəsi təşkil olunacaq
Bakı, 16 iyun, AZƏRTAC
Azərbaycanda elektron musiqinin bayraqdarı hesab olunan “Solong” layihəsi ənənə və ideologiyasına sadiq qalaraq bu dəfə Qobustanda yeni şou-tədbirə hazırlaşır.
AZƏRTAC xəbər verir ki, iyunun 18-də Qobustan Dövlət Bədii-Tarixi Qoruğunda etnik və proqressiv musiqi tezliyində xarici və yerli DJ-lər çıxış edəcək.
Zövqləri oxşayacaq bu möhtəşəm gecəyə hazırlıq işləri prosesində qayaların vizuallaşdırılması, işıqlandırılması üçün “Solong” layihəsinin əməkdaşları bir həftəyə yaxın çalışıblar. Bu isə o deməkdir ki, elektron musiqi həvəskarları həmin gecə qeyri-adi işıq şousunun şahidi olacaqlar. Həmçinin şou-tədbirdə tarix və müasirliyin sintezi bir arada təqdim olunacaq.
Qeyd edək ki, “Back to origin” adı ilə təqdim olunan bu layihənin xüsusi xarici qonaqları İsraildən Sahar Zangilevitch və Türkiyədən Murat Uncuoğludur. Yerli DJ-lərin siyahısında isə Elcheen, U-Who və Maya Aziz yer alıb.
Bu layihənin xüsusi konsertdə hazırlanmasının məqsədi ölkənin mədəni irsini beynəlxalq arenada yüksək səviyyədə təbliğ etməkdir.