REGİONLAR


Qobustanda şəhidin xatirəsinə bulaq tikilib

Qobustan, 26 oktyabr, AZƏRTAC

Qobustan rayonunun Sədəfli kəndində Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan Azərbaycan Ordusunun giziri Elyar Arif oğlu Vəliyevin xatirəsinə tikilən bulağın açılışı olub. Açılış mərasimində rayon rəhbərliyi, kənd sakinləri, şəhidin yaxınları iştirak ediblər.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bulağın açılışında rayon icra hakimiyyətinin başçısı Adil Məmmədov çıxış edərək otuz il düşmən tapdağı altında olan, şəhər və kəndləri talan edilən, maddi-mədəniyyət abidələri dağıdılan torpaqlarımızın Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qısa vaxta - 44 gündə azad edilməsindən, bu qələbənin tarixi əhəmiyyətindən danışıb. Qeyd edib ki, qazanılan qələbədə Elyar və onun kimi şəhid olan Vətən oğullarının xatirəsi xalqımızın qəlbində daim yaşayacaq. Oktyabrın 19-da Elyarın şəhidlik zirvəsinə yüksəlməsinin ildönümü günü kənddə barelyefinin açılış mərasimi, bu gün isə Zəfər günü ərəfəsində xatirəsinə tikilən bulağın açılışı şəhidlərimizə el məhəbbətinin bariz nümunəsidir.

Çıxışlarda ölkəmizdə şəhidlərə göstərilən dövlət qayğısından danışılıb.

Şəhidin atası Arif Vəliyev çıxış edərək şəhid oğluna, ailəsinə göstərilən diqqət və qayğıya görə ölkə başçısına minnətdarlığını bildirib.

Tədbirdə məktəblilərin ifasında Vətənə, şəhidlərimizə həsr olunan şeirlər səsləndirilib, əbədi-bədii kompozisiya nümayiş etdirilib.

Xatirə bulağının açılışından sonra iştirakçılar kənd qəbiristanlığında şəhid Elyarın məzarını ziyarət edib, üstünə təzə-tər çiçəklər düzüblər. Şəhidin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, ruhuna dua oxunub.

Qeyd edək ki, Elyar Vəliyev 1991-ci il oktyabrın 17-də Qobustan rayonunun Sədəfli kəndində anadan olub. Ötən il sentyabrın 27-də Vətən müharibəsi başlayanda Elyar da döyüşlərə qatılıb, Füzulinin, Cəbrayılın, Qubadlının azad olunması uğrunda gedən döyüşlərdə qəhrəmancasına vuruşub. Oktyabrın 19-da şəhid olub. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə ona “Vətən Müharibəsi Qəhrəmanı” adı verilib. Elyar Vəliyev “Vətən uğrunda” və “Cəbrayılın azad olunmasına görə” medalları ilə də təltif olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.