İQTİSADİYYAT


Qocaman neftçi “Fəxri neftçi” döş nişanı ilə təltif edilib

Bakı, 3 may, AZƏRTAC

Qocaman neftçi, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü Hüseynov Vaqif Qulu oğlu 80 illik yubileyi münasibətilə SOCAR-ın “Fəxri neftçi” döş nişanı ilə təltif olunub.

SOCAR-dan AZƏRTAC-a bildirilib ki, bu münasibətlə yubilyarı qəbul edib, çoxminli neftçilər ailəsinin təbriklərini ona çatdıran şirkətin prezidenti Rövnəq Abdullayev deyib: “Hörmətli Vaqif müəllim, siz Azərbaycan dəniz neft sənayesinin bacarıqlı təşkilatçısı, yüksək ixtisaslı mütəxəssislərindən biri kimi uzun illər Xəzər dənizindəki yataqlardan neftin-qazın çıxarılmasında bilavasitə iştirak etmiş, şərəfli bir yol keçmiş, öz fəaliyyətinizlə hər zaman gənclərə nümunə olmusunuz”.

Qocaman neftçi V.Hüseynov son illərdə Prezident İlham Əliyevin rəhbərliyi ilə neft, neft-kimya sənayesinin inkişafı istiqamətində görülmüş işlərdən, qazanılmış uğurlardan danışıb, göstərilən diqqət və qayğıya görə təşəkkürünü bildirib, neft-qaz sənayesində çalışan gənclərdən hər zaman hörmət gördüyünü söyləyib.

V.Hüseynov Azərbaycan Sənaye İnstitutunu bitirdikdən sonra ömrünü neft sənayesi ilə bağlamışdır. Əmək fəaliyyətinə indiki “Balaxanıneft” Neft Mədənlər İdarəsində operator vəzifəsindən başlayıb, sonra həmin İdarədə usta, sahə rəisi işləyib. 1969-1979-cu illərdə “Xəzərdənizneft” Birliyində mühəndis, böyük mühəndis, 1979-1988-ci illərdə “Xəzərdənizneftqazsənaye” Ümumittifaq Sənaye Birliyinin birləşmiş dispetçer idarəsinin rəisi, 1988-1991-ci illərdə “Xəzərdənizneftqazsənaye” İstehsalat Birliyinin Mərkəzi Mühəndis Texnoloji Xidmətinin rəisi, 1991-1996-cı illərdə “Neft Daşları” NQÇİ-nin, 1996-2003-cü illərdə “Qum adası” NQÇİ-nin rəisi vəzifələrində çalışıb. 2003-2012-ci illərdə “Neftqazelmitədqiqatlayihə” institutunun direktorunun müavini, daha sonra isə müşaviri işləyib. V.Hüseynov yalnız istehsalatda çalışmaqla kifayətlənməyib, elmi fəaliyyətlə də məşğul olub. O, neft-qaz hasilatının sabitləşdirilməsi, artırılması və yataqların işlənməsi istiqamətində qarşıya çıxan problemlərin həllinə yönəldilmiş 30 elmi məqalənin, 4 ixtiranın və 4 kitabın müəllifi, texnika elmləri namizədidir. Hazırda “Neftçilər klubu” İctimai Birliyinin sədri kimi səmərəli fəaliyyət göstərir.

Onun əməyi daim yüksək qiymətləndirilib. V.Hüseynov Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə və “Neft sənayesinin əlaçısı” fəxri adına layiq görülüb, SOCAR-ın Fəxri fərmanı ilə təltif olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.