CƏMİYYƏT
Qonşusunu tüfənglə qətlə yetirməkdə təqsirləndirilən şəxslə bağlı cinayət işi məhkəməyə göndərilib
Bakı, 17 iyun, AZƏRTAC
Ötən il fevralın 21-də Yevlax rayonunun Qaraoğlan kənd sakini Xəyal Səfərovun üzərində odlu silah yarası xəsarəti olan meyitinin aşkar edilməsi faktı üzrə Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə rayon prokurorluğunda cinayət işi başlanaraq istintaq aparılıb.
Yevlax Rayon Prokurorluğunun AZƏRTAC-a daxil olan məlumatında bildirilib ki, istintaqla zərərçəkmişin qonşusu Qorxmaz Həsənəliyevin şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Xəyal Səfərova iki dəfə ov tüfəngi ilə atəş açmaqla onu qəsdən öldürdüyü müəyyən edilib.
Qorxmaz Həsənəliyev Cinayət Məcəlləsinin 120.1-ci (adam öldürmə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Hazırda cinayət işi üzrə istintaq yekunlaşdırılaraq, baxılması üçün aidiyyəti üzrə Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib.