CƏMİYYƏT
Qonşusunun evinə zorla daxil olaraq onu öldürməyə cəhd edən şəxs barəsində cinayət işi tamamlanıb
Bakı, 19 avqust, AZƏRTAC
2022-ci il yanvarın 28-də Sabirabad rayonu, Qarağac kənd sakini İmaməli Hacıyevin kəsilmiş-deşilmiş xəsarətləri alması faktı üzrə başlanmış cinayət işi üzrə istintaq tamamlanıb.
Sabirabad Rayon Prokurorluğunun AZƏRTAC-a daxil olan məlumatında bildirilib ki, istintaqla zərərçəkmişin qonşusu Hikmət Mirzəyevin qeyd edilən tarixdə zor tətbiq etməklə İmaməli Hacıyevin yaşadığı evə daxil olaraq sonuncunun anasının gözləri qarşısında qisas niyyəti ilə bıçaqla xəsarətlər yetirərək onu qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.
Hikmət Mirzəyevə Cinayət Məcəlləsinin 29, 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürməyə cəhd) və 157.2-ci (zor tətbiq etməklə və ya zor tətbiq etmə hədəsi ilə mənzilə daxil olma) maddələri ilə ittiham elan edilərək cinayət işi baxılması üçün aidiyyəti üzrə Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.