MƏDƏNİYYƏT
Qoruq İdarəsi ekskursiya bələdçilərinin akkreditasiyasına başlayır
Bakı, 12 iyun, AZƏRTAC
“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi “İçərişəhər” və “Qala” qoruqları ərazisində ekskursiya bələdçilərinin (gidlərin) akkreditasiyadan keçirilməsi prosesinə başlayır.
İdarədən AZƏRTAC-a bildirilib ki, akkreditasiyada məqsəd qoruqlar ərazisində fəaliyyət göstərən bələdçilərin işinə nəzarətin təşkili, təqdim etdikləri xidmətlərin yüksək keyfiyyətlə həyata keçirilməsidir.
Akkreditasiyadan keçmək istəyən bələdçilər iyunun 20-dən etibarən aşağıdakı sənədləri Qoruq İdarəsinə təqdim etməlidir:
- ərizə (nümunəsi İdarədən əldə oluna bilər);
- namizədin diplomu və ya hazırda təhsil aldığı müəssisədən verilmiş arayış;
- akkreditasiya vərəqəsi (nümunəsi Qoruq İdarəsindən əldə oluna bilər);
- 3x4 ölçüdə 3 ədəd rəngli fotoşəkil;
- ekskursiya mətnləri və onların marşrutlarının siyahısı.
Sənəd qəbulunun bitməsindən sonra müraciət etmiş şəxslər qurumun və Azərbaycan Milli Elmlər Akademiyasının mütəxəssislərindən ibarət akkreditasiya komissiyası tərəfindən keçiriləcək müsahibəyə dəvət olunacaqlar. Müsahibədən müvəffəqiyyətlə keçən şəxslərə onların müvafiq qoruqların ərazisində bələdçi xidmətlərini təqdim etmələri üçün rəsmi akkreditasiya veriləcək.