MƏDƏNİYYƏT


Qoşa Qala qapılarında bərpa-konservasiya işləri aparılır

Bakı, 8 may, AZƏRTAC

Dünya, ölkə və yerli əhəmiyyətli abidələrin qorunub saxlanılması, bu məqsədlə onlarda vaxtaşırı bərpa və konservasiya işlərinin aparılması “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin prioritetidir. Son illər ərzində Qız qalası, Şirvanşahlar Sarayı Kompleksi, Məhəmməd məscidi, Dördbucaqlı qala, Bəylər məscidi, Qala divarları və s. kimi dünya və ölkə əhəmiyyətli tarixi-memarlıq abidələrində uğurla tamamlanmış çoxsaylı bərpa və konservasiya işləri bunun bariz nümunəsidir.

Sadalanan bərpa işlərinin əksəriyyəti Avstriyanın tanınmış “Atelier Erich Pummer GmbH” şirkəti tərəfindən həyata keçirilir. Hazırda isə nəinki İçərişəhər, bütövlükdə Azərbaycan tarixi üçün böyük dəyərə malik Qoşa Qala qapılarında sözügedən şirkət tərəfindən bərpa-konservasiya işləri aparılır. Layihəyə əsasən 2019-cu ildə Qoşa Qala qapıları, həm İçərişəhər (daxili), həmçinin Bayır şəhər (fasad) tərəfindən bərpa-konservasiya ediləcək.

Qoruq İdarəsindən AZƏRTAC-a bildirilib ki, bərpa və konservasiya işləri ilk öncə Qala divarlarının daxili hissəsindən başlanıb. Hazırda isə Qoşa Qala qapılarının yanındakı iki bürc də daxil olmaqla abidə xaricdən bərpa edilir. Layihənin cari ilin sonuna qədər başa çatması planlaşdırılır.

Qoruq İdarəsi ictimaiyyətin nəzərinə çatdırır ki, Qala divarları bütövlükdə sonuncu dəfə 1952-1957-ci illərdə bərpa edilib. Yarım əsrdən çox müddətdə isə tarixi abidə restavrasiya edilməyib, yalnız 2011-2012-ci illərdə Qoruq İdarəsi tərəfindən Qala divarlarının 150 metrə yaxın hissəsi şimali-qərb istiqamətindən bərpa olunub. Təbiidir ki, inşa tarixi erkən orta əsrlərə gedib çıxan bu əzəmətli abidə zaman keçdikcə xarici qüvvələrin təsiri altında zədələnir və daşlar aşınmaya məruz qalır.

Bununla bağlı olaraq Qoruq İdarəsi başladığı missiyanı uğurla davam etdirərək hazırda İçərişəhərin simvollarından biri olan, tarixi XII əsrə söykənən Qoşa Qala qapılarını bərpa etdirir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.