CƏMİYYƏT


Qoşqar Təhməzli: Hazırda dünyada müşahidə edilən qlobal iqlim dəyişikliyi bitki sağlamlığına ciddi ziyan vurur

Bakı, 20 oktyabr, AZƏRTAC

Torpaqlarımızın işğal altında saxlanılması təbii resursların talanması və digər cinayət əməlləri ilə yanaşı, həmin ərazilərdə fauna və floraya külli miqdarda ziyan vurulmasına, bitki zərərvericililəri ilə mübarizə tədbirlərinin aparılmamasına gətirib çıxarıb. Rəşadətli Azərbaycan Ordusu tərəfindən Ermənistanın hərbi təcavüzünə qarşı keçirilən əks-hücum əməliyyatları nəticəsində işğaldan azad olunan ərazilərdə çəkilən kadrlar Ermənistanın həyata keçirdiyi ekoloji terror nəticəsində həmin ərazilərdə bitki örtüyünün necə məhv olduğunu bariz nümayiş etdirir.

AZƏRTAC xəbər verir ki, bunu “Bitki sağlamlığı və elmi tədqiqatlar” mövzusunda regional videokonfransda çıxışında Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin sədri (AQTA) Qoşqar Təhməzli bildirib.

“BMT Baş Assambleyası tərəfindən 2020-ci ilin “Beynəlxalq bitki sağlamlığı” ili elan olunmasının əsas məqsədi bitki sağlamlığının təmin edilməsi üçün görülən tədbirlər, eləcə də bitkilər aləminin əhəmiyyəti barədə ictimaiyyəti məlumatlandırmaqdır. BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) məlumatına əsasən, dünya əhalisinin istifadə etdiyi qida məhsullarının 80 faizi, o cümlədən Yer kürəsinin oksigen tələbatının 95 faizə qədəri bitki aləmi tərəfindən formalaşır. Bu da bitki sağlamlığının qorunmasının zəruriliyinin ifadəsidir.

FAO-nun məlumatına əsasən, dünya əhalisini ərzaq məhsulları ilə təmin etmək üçün 2050-ci ilə qədər kənd təsərrüfatı məhsullarının istehsalı 60 faizə qədər artırılmalıdır. Lakin hazırda dünyada müşahidə edilən qlobal iqlim dəyişikliyi bitki sağlamlığına ciddi ziyan vurur, məhsulun keyfiyyətini azaldır. Qlobal istiləşmə su ehtiyatlarının azalmasına, quraqlığa səbəb olmaqla yanaşı, bitki və patogen orqanizmlər arasında münasibətlərə də təsir edir. İqlim dəyişkənliyi səbəbindən zərərli orqanizmlər mövcud olmadıqları ərazilər üzrə yayılaraq öz arealını genişləndirir və yeni ərazilərdə inkişaf etməyə başlayır. Həmçinin dünya üzrə müxtəlif zərərli orqanizmlərin təsirindən kənd təsərrüfatında bitkiçilik məhsullarının illik itkisi təxminən 40 faiz, onların ticarətindəki itkilər isə dəyər istifadəsində 250-300 milyard ABŞ dolları təşkil edir. Ona görə də bitki sağlamlığının qorunması üzrə birgə əməkdaşlıq səylərinin artırılması bəşəriyyət qarşısında duran aktual məsələlərdən biridir”, - deyə Q.Təhməzli qeyd edib.

Agentliyin sədri Azərbaycanda yabanı bitkilər də daxil olmaqla 4500-dən çox bitki növünün olduğunu diqqətə çatdırıb: “Bu da bütün Qafqazda mövcud olan bitki örtüyünün 70 faizdən çoxunu təşkil edir. Ölkəmizdə bitki örtüyünə ziyan vuran karantin və xüsusi təhlükəli zərərli orqanizmlərə qarşı mübarizə tədbirləri dövlət vəsaiti hesabına aparılır və görülən səmərəli tədbirlər nəticəsində ilbəil məhsul itkisi, həmçinin zərərli orqanizmlərin yayılma arealının genişlənməsinin qarşısı alınır. Aparılmış fitosanitar tədbirlər nəticəsində Azərbaycandan ixrac olunan bitkiçilik məhsullarının zərərvericilərin aşkarlanması səbəbindən idxalçı ölkələr tərəfindən imtina halları əhəmiyyətli şəkildə azalıb. Azərbaycanın ixrac olunan qeyri-neft məhsulları içərisində bitkiçilik məhsulları sırasında birinci yeri pomidor, pambıq, fındıq ləpəsi, giləmeyvələr və kartof məhsulları təşkil edir. Həmin məhsulların ixrac həcminin və coğrafiyasının genişlənməsi həyata keçirilmiş fitosanitar tədbirlər nəticəsində mümkün olub”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.