İQTİSADİYYAT
Qoşqar Təhməzli: Qida Təhlükəsizliyi Agentliyi sahibkarlıq subyektlərinin qeydiyyatına başlayacaq YENİLƏNİB VİDEO
Bakı, 29 iyun, AZƏRTAC
Qida Təhlükəsizliyi Agentliyi iyulun 1-dən ölkə ərazisində sahibkarlıq subyektlərinin qeydiyyatına başlayacaq.
AZƏRTAC xəbər verir ki, bu barədə agentliyin sədri Qoşqar Təhməzli iyunun 29-da keçirdiyi mətbuat konfransında deyib.
O bildirib ki, agentlik iyuldan qida zəncirinin bütün mərhələlərində iştirak edən sahibkarlıq subyektlərinin qeydiyyatının və dövlət reyestrinin aparılmasına başlayacaq. Agentlik qeydiyyat və dövlət reyestrinin aparılması prosesində sahibkarlıq subyektlərinə hərtərəfli dəstək göstərəcək, onların fəaliyyətinin yeni qaydaların tələblərinə uyğunlaşdırılması və təkmilləşdirilməsi üçün peşəkar yanaşma nümayiş etdirərək tövsiyələr verəcək. Sahibkarlıq subyektlərinin qida təhlükəsizliyi üzrə qeydiyyatı “ASAN xidmət” mərkəzlərində və agentliyə ünvanlanmış müraciətlər əsasında həyata keçiriləcək.
Agentlik sədrinin sözlərinə görə, Qida təhlükəsizliyinə dair Dövlət Proqramı da hazırlanır: “Dövlət Proqramı üzərində hazırda iş aparılır və yaxın vaxtlarda ölkə başçısına təqdim olunacaq. Proqramın icra müddəti 7 ilə nəzərdə tutulub”.
Q.Təhməzli qeyd edib ki, agentlik baytarlıq və fitosanitar sahələrinə dövlət nəzarətini icra edəcək: “Gələn aydan Kənd Təsərrüfatı Nazirliyi ölkə ərazisində baytarlıq və fitosanitar sahələrində xidmətləri həyata keçirəcək. İyulun 1-dən etibarən Qida Təhlükəsizliyi Agentliyi bu prosesə dövlət nəzarətini icra edəcək. Agentlik fitosanitar və baytarlıq sertifikatlarını da verəcək”.
Qida Təhlükəsizliyi Agentliyi və Dövlət Turizm Agentliyinin ictimai iaşə obyektlərində monitorinqlər aparacağını bildirən qurumun sədri deyib: “Yay fəsli ilə əlaqədar gələn aydan Qida Təhlükəsizliyi Agentliyi və Dövlət Turizm Agentliyi tərəfindən turizm və ictimai iaşə obyektlərində monitorinqlər aparılacaq. Məqsəd həm ölkə vətəndaşlarının, həm də turistlərin sağlam qida məhsulları ilə təminatıdır”.
“Əhalinin sağlam qida məhsulları ilə təmin olunmasında ət kəsimi məntəqələrinin və bu istiqamətdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinin üzərinə böyük məsuliyyət düşür. Ət kəsimi məntəqələrinin əhalinin qida təhlükəsizliyi tələblərinə, gigiyenik normalara uyğun formada fəaliyyət həyata keçirməsi zəruridir. Qida Təhlükəsizliyi Agentliyi bu prosesə də dövlət nəzarətini həyata keçirəcək”, - deyə Q.Təhməzli əlavə edib.