MƏDƏNİYYƏT


Qoşulmama Hərəkatı Günü qeyd edilib VİDEO

Paris, 28 aprel, AZƏRTAC

Azərbaycanın sədrlik etdiyi UNESCO yanında Qoşulmama Hərəkatı qrupunun “Beynəlxalq Multilateralizm və Sülh Diplomatiyası Günü”nə həsr edilmiş Qoşulmama Hərəkatı Günü qeyd edilib.

AZƏRTAC xəbər verir ki, UNESCO yanında Daimi Nümayəndəliyimiz tərəfindən təşkil olunan tədbirdə səfir Elman Abdullayev, UNESCO Baş direktorunun, eləcə də UNESCO yanında Afrika qrupunun sədri Namibiyanın Daimi Nümayəndəsinin nümayəndələri çıxış ediblər.

Azərbaycanın UNESCO yanında daimi nümayəndəsi, səfir Elman Abdullayev Qoşulmama Hərəkatına (QH) sədrliyi çərçivəsində ölkəmizin həyata keçirdiyi fəaliyyətdən söz açaraq, Bandung prinsiplərinə uyğun olaraq, QH-nın beynəlxalq sülh və təhlükəsizliyin möhkəmləndirilməsində əsas rol oynadığını diqqətə çatdırıb. Bildirib ki, bu prinsiplər BMT xartiyasının və Dayanıqlı İnkişaf üzrə 2030-cu il Gündəliyinin əsas dayağıdır. QH yarandığı gündən multilateralizm və beynəlxalq əməkdaşlıq dəyərlərinin qorunub saxlanması və möhkəmləndirilməsinə səy göstərir.

Səfir Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi çərçivəsində COVID-19 epidemiyasına qarşı birgə mübarizə məqsədilə xüsusi sessiya çağırmasından, epidemiya ilə mübarizədə ölkəmizin töhfələrindən söz açıb. Bildirib ki, üzv dövlətlər arasında multilateralizm və inklüziv əməkdaşlıq UNESCO-nun prioritetlərinin reallaşdırılmasında əsas amillərdir. Tolerantlığı, mədəni müxtəlifliyə hörməti, sivilizasiyalar arasında anlaşmanı təşviq etməkdə qətiyyətliyik. Plüralizm, tolerantlıq, dialoq, eləcə də dini və mədəni müxtəlifliklər arasında anlaşma sülh və harmoniya üçün vacibdir.

Qeyd edilib ki, mədəniyyətlərarası dialoq və multikulturalizm ölkəmizin siyasi prioritetidir və onların qətiyyətli müdafiəçisi kimi Azərbaycan bu sahədəki zəngin təcrübəsini dünyanın digər ölkələri ilə bölüşməyə hazırdır.

Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə 2008-ci ildə irəli sürülmüş “Bakı Prosesi” bu gün mədəniyyətlərarası dialoqun təşviqi sahəsində beynəlxalq platformaya çevrilib. Bu proses çərçivəsində Azərbaycan hər iki ildən bir BMT və digər beynəlxalq qurumlar kimi UNESCO-nun da əsas tərəfdaşı olduğu Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçirir.

Səfir “Bakı Prosesi”nin məqsədləri haqqında məlumat verərək, Luanda Biennalesi ilə “Bakı Prosesi”ni əlaqələndirərək, onlar arasında sinergiya yaradılmasının vacibliyinə toxunub. Sülh, tolerantlıq, birgə yaşayış, insan hüquqlarına hörmət və mədəni kimlik və müxtəlifliyin təşviqi üçün vacib vasitə olan bu sinergiya sivilizasiyalar, sülh mədəniyyəti arasında daha güclü dialoq yarada bilər.

Bildirilib ki, ölkəmiz UNESCO-nun Afrika Prioriti siyasətini dəstəkləyir və töhfə verməyə hazırdır.

Gender bərabərliyindən söz açılıb və bu istiqamətdə bütün təşəbbüsləri dəstəklənməsinin əhəmiyyətinə toxunulub.

Azərbaycanın UNESCO-nun qadın və qızların təhsili ilə bağlı siyasətini dəstəklədiyi qeyd edilib. Azərbaycan-UNESCO arasında imzalanmış çərçivə sazişi çərçivəsində ölkəmizin müxtəlif sahələrdə, xüsusilə də Afrikada qızların təhsili, gender bərabərliyi və təhsildə bərabərik sahələrində bir sıra layihələri maliyyələşdirib.

Şəhla Ağalarova

AZƏRTAC-ın xüsusi müxbiri

Paris 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.