SİYASƏT


Qoşulmama Hərəkatının UNESCO yanında qrupunun ilk iclası keçirilib VİDEO

Paris, 26 iyun, AZƏRTAC

Azərbaycanın sədrlik etdiyi Qoşulmama Hərəkatının UNESCO yanında qrupunun onlayn formada ilk iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, Azərbaycanın UNESCO yanında daimi nümayəndəliyinin rəhbəri, səfir Anar Kərimovun sədrliyi ilə keçirilən ilk qrup iclasında qurumun baş direktorunun Xarici əlaqələr və Afrika prioriteti üzrə müavini Firmin Eduard Matoko, Qoşulmama Hərəkatına üzv və müşahidəçi dövlətlərin UNESCO yanında daimi nümayəndələri iştirak ediblər.

Səfir Anar Kərimov iclası açaraq COVID-19 pandemiyasının dünyanın bütün ölkələrinə, eləcə də iqtisadiyyat, təhsil və mədəniyyət, xüsusilə də səhiyyə sahələrinə mənfi təsirlərindən danışıb. Bildirib ki, pandemiyanın mənfi təsirlərini minimuma endirmək üçün mübarizə davam edir, ölkələr və beynəlxalq təşkilatlar pandemiya ilə mübarizəyə səfərbər olunublar.

UNESCO-nun COVID-19 pandemiyasının təhsil, elm, mədəniyyət və rabitə kimi sahələrə təsirlərini minimuma endirmək üçün gördüyü tədbirləri xatırladan A.Kərimov qurum tərəfindən pandemiya ilə bağlı irəli sürülən təşəbbüslərin və layihələrin alqışlandığını bildirib.

Qeyd edilib ki, vəziyyətin necə olmasından asılı olmayaraq, təhsilin davamlılığı təmin edilməli, mədəniyyətimiz qorunmalı və bu çətin dövrlərdə yanlış məlumatlara qarşı mübarizə gücləndirilməlidir. “Biz yalnız birgə fəaliyyətlə bu çətin sınaqdan uğurla çıxa bilərik”, - deyən A. Kərimov vurğulayıb ki, Qoşulmama Hərəkatı çoxtərəfliliyi dəstəkləyir.

UNESCO-nun Baş direktorunun müavini Firmin Eduard Matoko qrup iclasının təşkilinə görə Qoşulmama Hərəkatına sədrlik edən Azərbaycana, eləcə də qumunun yanındakı daimi nümayəndəliyimizə təşəkkürünü bildirib. O, Hərəkatın tarixinə nəzər salıb, onun rolundan və UNESCO-nun fəaliyyətinə dəstəyindən söz açıb. Qeyd edib ki, UNESCO-nun Qoşulmama Hərəkatına xüsusi əhəmiyyət verir.

COVID-19 pandemiyasının təsirlərindən danışan Baş direktorun müavini qurumun müxtəlif sahələrdə gördüyü tədbirlərdən bəhs edib. Diqqətə çatdırıb ki, mediada gedən maarifləndirmə kampaniyası pandemiyanın təkcə sanitar böhran olmadığını, bu faciənin cəmiyyətlərin müxtəlif sahələrinə, eləcə də UNESCO-nun missiyasına mənfi təsir etdiyini bir daha göstərib. Pandemiyanın təhsilə mənfi təsirlərindən danışan Firmin Eduard Matoko özünütəcrid rejimi müddətində 3 milyondan çox məktəblinin təhsildən uzaq düşdüyünü bildirib. Vurğulayıb ki, bir çox ölkələrdə, xüsusilə də Afrikada əhalinin yalnız 10 faizinin internetə çıxışı var və buna görə də orada distant təhsilin keyfiyyəti qənaətbəxş deyil. Diqqətə çatdırıb ki, hazırda dünyanın çoxtərəfliliyə, həmrəyliyə və qarşılıqlı əməkdaşlığa daha çox ehtiyacı var.

Sonra səfir Anar Kərimov UNESCO-nun İcra Şurasının 209-cu sessiyasında ölkəmizin Qoşulmama Hərəkatının sədri qismində səsləndirəcəyi bəyanatı təqdim edib. Bəyanat yekdilliklə qəbul olunub.

İclasda Azərbaycanın hazırda bəşəriyyət üçün ən böyük çağırış olan, birliyə, həmrəyliyə və yeni qarşılıqlı əməkdaşlığa əsaslanan qlobal cavab zərurəti yaradan koronavirusun sürətlə yayılmasından dərin narahatlığı ifadə edilib.

Qoşulmama Hərəkatının UNESCO yanında ilk iclası işini qarşılıqlı fikir mübadiləsi ilə davam etdirib.

Şəhla Ağalarova

AZƏRTAC-ın xüsusi müxbiri

Paris

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.