REGİONLAR
Qovlar şəhərində 100 yerlik körpələr evi-uşaq bağçası istifadəyə verilib
Tovuz, 13 fevral, Rauf Hacıyev, AZƏRTAC
Prezident İlham Əliyevin “Azərbaycan Respublikasının regionlarında uşaq bağçalarının tikintisi ilə bağlı tədbirlər haqqında” 2018-ci il 12 fevral tarixli Sərəncamı ilə Tovuz rayonunun Qovlar şəhərində tikilmiş 100 yerlik körpələr evi-uşaq bağçası istifadyə verilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, açılış mərasimində çıxış edən Tovuz Rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov son illərdə ölkədə məktəbəqədər təhsil müəssisələrinin inkişafı istiqamətində mühüm addımların atıldığını, müxtəlif şəhər və rayonlarda məktəbəqədər təhsil müəssisələrinin tikintisi, əsaslı təmiri və bərpası istiqamətində uğurlu işlər görüldüyünü bildirib.
Qeyd edilib ki, Prezident İlham Əliyev yetişməkdə olan gənc nəslin hərtərəfli inkişafı, onların layiqli vətəndaş kimi yetişməsi üçün mühüm tədbirlər həyata keçirir. Birinci vitse-prezident Mehriban Əliyeva da sosialyönümlü dövlət siyasətinin həyata keçirilməsində böyük xidmətlər göstərir. Tovuzda açılışı olan və hər cür invertar və avadanlıqlarla təmin edilmiş körpələr evi-uşaq bağçası da dövlət başçısının regionlara göstərdiyi hərtərəfli qayğının ən yaxşı nümunələrindəndir.
Sonra iştirakçılar məktəbəqədər tərbiyə müəssisəsində yaradılan şəraitlə tanış olublar.