REGİONLAR


Qoyun qırxımı yekunlaşmaq üzrədir FOTO VİDEO

Ağstafa, 11 iyun, Ruslan Novruzoğlu, AZƏRTAC

Xırdabuynuzlu heyvanların əti ilə yanaşı, uzun illərdir yunundan da insanların gündəlik həyatında, məişətdə geniş istifadə olunur. Yundan olan məhsullar daha dəyərli sayılır. Gəlin köçən qızlara da yundan yorğan-döşək hazırlayıb verirlər.

AZƏRTAC xəbər verir ki, qərb bölgəsində bu il havaların yağıntılı keçməsi yun qırxımı prosesini bir qədər gecikdirib. Təsərrüfatındakı qoyunlarını qırxan sakinlər bu işi elə çöldə həyata keçirməyin onlar üçün daha əlverişli olduğun deyirlər. Kütləvi qırxım üçün hava da isti olmalıdır. Çünki qırxılan qoyun hava soyuq olarsa, xəstələnə bilər. Hətta buna fikir verməyən təsərrüfat sahibləri itki ilə də rastlaşıblar. Ona görə də qırxılan qoyunlar soyuqdan qorunmalıdır.

Qırxım zamanı heyvanın əti və ya dərisi zədələnərsə, dərman vurulmalıdır. Proses zamanı heyvan sahiblərinin etdiyi bir hərəkət də diqqətimizi çəkdi. Qoyunun ayaqları bağlanır, qırxılır, əlavə yükdən yundan azad olur, yüngülləşdirilir. Sonda ayağa qaldırılanda boyun fəqərə sümükləri yüngülcə sağa-sola burulur.

“Biz qırxdığımız qoyunun yunundan ailəmiz üçün, əsasən cehizlik yorğan-döşəklərin hazırlanmasında istifadə edirik. Artıq qalan yunları isə satışa çıxarırıq. Bir qoyun təxminən 2 kiloqram yun verir. Qırxıldıqdan sonra çimizdirilməli, soyuqdan qorunmalıdır. İyunun 15-dən başlayaraq quzuların qırxımını həyata keçirəcəyik”, - deyə Muğanlı kənd sakini Azər Mursaquliyev bildirib.

Azər deyir ki, gün ərzində təkbaşına 35-40 baş qoyun qırxa bilir. Qoyun qırxdıqları dədə-baba alət isə “qırxılıq” adlanır və olduqca itidir.

Hazırda qoyun qırxımı yekunlaşmaq üzrədir. Kənd sakinləri yunu kustar üsulla yuyub-təmizləyir və bazara çıxarırlar. Onların sözlərinə görə, regionda yun emalı müəssisələrinin yaradılmasına ciddi ehtiyac var. Yaxın gələcəkdə bölgələrdə emal müəssisələri yaradılarsa bu, ilk növbədə, qoyunçuluqla məşğul olan fermerləri də sevindirər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.