İQTİSADİYYAT
Qrant müsabiqəsinin qalibləri güzəştli “Elektron imza” ilə təmin ediləcək
Bakı, 3 oktyabr, AZƏRTAC
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi qrant müsabiqəsinin qaliblərini güzəştli “Elektron imza” ilə təmin edəcək.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi elektron hökumət həllərinin və elektron xidmətlərin daha çox insana əlçatan olması üçün yeni təşəbbüslə çıxış edib. Belə ki, 568 nəfərə “Elektron hökumət” həlləri üzrə pulsuz təlimlər keçiriləcək. Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun təşkil etdiyi 10-cu qrant müsabiqəsinin qalibləri “Elektron imza”nı daha ucuz qiymətə əldə edə biləcəklər. Nazirliyin Məlumat Hesablama Mərkəzi 10-cu qrant müsabiqəsində qalib gəlmiş bütün təşkilatlar və gənclər üçün “Elektron imza”nın qiymətlərinə 30 faiz güzəşt edib.
Bundan başqa, qaliblərə nazirliyin Elektron Hökumət Təlim-Tədris Mərkəzi tərəfindən “Elektron imza”nın istifadəsi üzrə bütün təlimlər də ödənişsiz keçiləcək.
Qeyd edək ki, “Elektron imza”ların əldə edilməsi üçün fərdi gənclər və gənclər təşkilatları istənilən “Şəbəkə” xidmət mərkəzlərinə, həmçinin “Elektron imza” qeydiyyat mərkəzlərinə müraciət edə bilərlər.
Məlumat üçün bildirilir ki, Gənclər Fondu 10-cu qrant müsabiqəsinin nəticələrinə əsasən, 568 layihəni maliyyələşdirəcək.
İmzaların əldə edilməsi ilə əlaqədar “www.e-gov.az” , “[email protected]”, “157 çağrı mərkəzi”, təlimlərdə iştirak ilə əlaqədar isə “www.e-training.az” , “[email protected]” , (012) 505-01-13, (077) 505-01-13 əlaqə vasitələri ilə məlumat almaq olar.