MƏDƏNİYYƏT
“Qremmi” mükafatının 56-cı təqdimat mərasimi keçirilmişdir VİDEO
Bakı, 27 yanvar (AZƏRTAC). Yanvarın 26-da ABŞ-ın Los Anceles şəhərində musiqi aləminin ən nüfuzlu mükafatı sayılan “Qremmi” ("Grammy") mükafatının 56-cı təqdimat mərasimi keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, bu il "Qremmi" mükafatı 82 nominasiyada təqdim edilmişdir. Mükafatlarının sayına görə amerikalı rep ifaçısı Cey-Zi bütün rəqiblərini qabaqlamışdır. O, nominantı olduğu 9 kateqoriyada qalib gəlmişdir. Bundan əlavə, Farel Vilyams, Kendrik Lamar, Maklemor ilə Rayan Lyusin hip-hop dueti, həmçinin Castin Timberleyk mükafata layiq görülmüşlər.
"İlin səs yazısı" kateqoriyasında Fransanın "Daft Punk" elektron dueti "Get Lucky" mahnısı ilə qələbə qazanmışdır. Onların "Təsadüfi xatirələr" (“Random Access Memories”) adlı albomu isə "İlin ən yaxşı albomu" mükafatına layiq görülmüşdür.
"İlin ən yaxşı mahnısı" nominasiyasında Yeni Zelandiyadan olan 18 yaşlı müğənni Lordenin "Royals" mahnısı qalib gəlmişdir. Bu mahnının canlı ifası isə Lordeyə "Ən yaxşı solo pop ifa" nominasiyasında mükafat qazandırmışdır. Son 2 ildə bu nominasiyada britaniyalı Adel qalib gəlirdi.
Ən çətin mübarizə isə "İlin ən yaxşı rok mahnısı" kateqoriyasında qeydə alınmışdır. Bu kateqoriyada "Muse", "Black Sabbath" və "The Rolling Stones" kimi əfsanəvi qruplar mübarizə aparsalar da, nəticədə ilin ən yaxşı mahnısı Pol MakKartninin keçmiş "Nirvana" üzvləri ilə birlikdə yazdırdığı mahnı seçilmişdir.