CƏMİYYƏT


Qrip mövsümünün başlanmasına 15 gün qalmış qripə qarşı peyvəndlənmək faydalıdır

Bakı, 10 yanvar, AZƏRTAC

Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti Əkbər Quliyev yeni növ koronavirus (COVID-19) virusu və son günlər xüsusilə uşaqlar arasında yayılmış infeksiyalar barədə məlumat verib. AZƏRTAC həmin müsahibəni təqdim edir.

- Yeni növ koronavirusun (COVID-19) ştamları uşaqlar arasında fərqli simptomlara səbəb olurmu?

- COVID-19-un uşaqlar arasında yayılması ştamların müxtəlifliyinə görə dəyişir. COVID-19-un “alfa” ştamına daha kiçik yaşlı uşaqlarda rast gəlindiyi halda, “delta” ştamı 10 yaşdan yuxarı uşaqlarda daha çox müşahidə edilir.

- COVID-19 xəstəliyini daha ağır gedişatda keçirən xüsusi risk qrupu uşaqlar varmı?

- Böyüklərdə olduğu kimi, əsas xroniki xəstəliyi olanlar, allergik bronxitdən, xərçəng və revmatoloji xəstəliklərdən əziyyət çəkənlər, immunosupressiv dərmanlardan istifadə edən uşaqlarda COVID-19 riski yüksəkdir.

- Koronavirusa yoluxan uşaqlarda spesifik simptomlar varmı?

- COVID-19-un əlamətləri qripə çox bənzəyir. Qripə gəldikdə isə COVID-19 ilə oxşarlığı ayırd etməni çətinləşdirir, çünki hər iki xəstəlik boğaz ağrısı, hərarət, yorğunluq, quru öskürək kimi əlamətlər verir və ötürülmə yolu eynidir. Bəzən uşaqlarda xəstəlik zamanı yaranan səpgilər valideynləri narahat edir və bunu COVID-19-la əlaqələndirirlər. Səpgilər çox vaxt virus xəstəliklərinin əlamətlərindən biri kimi meydana çıxır. Oxşar əlamətləri fərqləndirməyin ən doğru yolu PZR yaxma üsuludur.

- Son günlər tez-tez eşitdiyimiz "influenza” virusu uşaqlara necə təsir edir?

- Son günlər uşaqlar arasında yayılan xəstəlik qrip, yəni "influenza” virusudur. Dekabrın əvvəlindən daha çox müşahidə olunur və artmağa davam edir. Kiçik körpələrə və 0-5 yaş qrupu uşaqlara daha çox təsir edir. Çox ağır bronxitə səbəb olur. Hazırda uşaqlar arasında COVID-19-dan daha çox qarşılaşdığımız virus qrupu “influenza”dır. Uşaqlar xəstələndiyi halda vaxtında həkimə müraciət etmək lazımdır. Hətta xəstəliyin ilkin simptomlarında həkimlə mütləq məsləhətləşilməlidir.

- Məktəbdə uşaqlar bir-biri ilə mütəmadı təmasda olurlar. Bu vəziyyət uşaqlarda koronavirusdan başqa qrip kimi tənəffüs yolu infeksiyalarına yol açırmı?

- Uşaqlar məktəblərdə maska, məsafə və təmizlik qaydasına ciddi diqqət yetirməlidirlər. Bu məqamda həm müəllimlərin, həm də ailələrin üzərinə öhdəlik düşür. Bundan əlavə, risk qrupunda olan, məsələn, ürək çatışmazlığı, şəkərli diabet, immun sistemi çatışmazlığı, xroniki ağciyər xəstəliyi olan uşaqlar dərhal qrip peyvəndi almalıdırlar. Qrip mövsümünün başlanmasına 15 gün qalmış qripə qarşı peyvəndlənmək daha faydalıdır.

- "İnfluenza” virusunun müalicəsində nələrə diqqət etmək lazımdır?

- Virus xəstəliklərinin müalicəsi əsasən simptomatik təyin edilir. Hərarətsalıcı dərmanlar, bol maye qəbulu tövsiyə olunur. Ancaq risk qrupundakı uşaqlar və risk qrupunda olmayıb, amma xəstəliyin daha ağır seyrinin görüldüyü xəstələrdə qrip virusuna təsir edən dərmanların istifadəsi lazımdır. Unutmamalıyıq ki, antibiotik hərarətsalıcı deyil. Antibiotik yalnız bakterial infeksiya olduqda və təyinata göstəriş varsa, qəbul olunmalıdır. Bu cür vəziyyətlərdə həkimə mütləq müraciət edilməlidir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.