CƏMİYYƏT
Qrip zamanı inhalyasiyalar
Bakı, 7 noyabr, AZƏRTAC
Yuxarı tənəffüs yollarının infeksion-iltihabı xəstəliklərinin – zökəm, laringit, traxeit, faringit, tonzillit, bronxit və pnevmoniyaların müalicəsində inhalyasiyalar çox yaxşı səmərə verir. Həmin prosedur zamanı bitki dəmləmələri, çay və efir yağları bilavasitə selikli qişaya təsir edir və həmin maddələr qana sorularaq xəstəliyin sağalmasına səbəb olur.
İnhalyasiya barədə AZƏRTAC-a məlumat verən Binəqədi rayonundakı 20 nömrəli uşaq poliklinikasının pediatrı Hafizə Məmmədova deyib: "Prosedur inhalyator cihazın vasitəsi ilə aparılır. Bir çox hallarda ev şəraitində inhalyasiyalar üçün enli qaba müalicəvi bitki dəmləməsi və ya efir yağı əlavə olunmuş isti su tökülür və xəstə həmin qabın üzərindən nəfəs alır. İnhalyasiyalar üçün adaçayı, evkalipt, aptek çobanyastığı, dazıotu, lavanda, nanə, şam, küknar ağacının iynəyarpaqları, qarağat və moruq yarpaqları kimi müalicəvi bitkilərdən istifadə olunur. Bir neçə bitkinin qarışığından istifadə etmək daha səmərəlidir. 2 xörək qaşığı bitki üzərinə yarım litr qaynar su tökülərək 45 dərəcə C-yə kimi soyudulur.
İnhalyasiya üçün olan suya xırda doğranmış soğan və sarımsaq qarışığı, bal, bir neçə damcı şam ağacı və ya evkalipt yağı əlavə etmək olar".
Prosedur nəticəsində lazımı nəticə əldə etmək üçün pediatr bir sıra şərtlərə əməl edilməsinin vacibliyini də qeyd edib: "İlk növbədə prosedur qida qəbulundan 1,5-2 saat sonra aparılır. İnhalyasiyadan sonra 30-40 dəqiqə uzanmaq lazımdır. İnhalyasiyadan sonra 1 saat qida qəbul etmək, su içmək, siqaret çəkmək, mahnı oxumaq və danışmaq olmaz. 3 yaşından yuxarı uşaqlarda prosedur gündə 1-2 dəfə 1-3 dəqiqə, böyüklərdə gündə 2-3 dəfə 5-10 dəqiqə aparılır. İnhalyasiya zamanı qaynar sudan istifadə edilməsi selikli qişalar üçün ziyanlıdır. Suyun temperaturu 45 dərəcə C-dən yuxarı olmamalıdır. Zökəm, traxeit və bronxitin müalicəsində inhalyasiya zamanı burundan nəfəs almaq və buraxmaq lazımdır. Qırtlaq və udlaq iltihabları zamanı nəfəs ağızdan alınır, 2 saniyə saxlanılır, sonra ağızdan buraxılır. Onu da qeyd edək ki, inhalyasiya zamanı nəfəsalma sərbəst olmalıdır".
Həkim-pediatr bir xəbərdarlığı da çatdırıb: "Lakin inhalyasiyanın tətbiqi ilə əlaqədar əks göstərişlər də var. Yüksək hərarət, tez-tez təkrar olunan burun qanaxmaları, ürək-damar və nəfəsalma çatışmazlığı zamanı inhalyasiya etmək olmaz".