CƏMİYYƏT


Qripə yoluxma zamanı yalnız həkim məsləhəti ilə dərman preparatı qəbul etmək məqsədəuyğundur

Bakı, 25 yanvar, AZƏRTAC

Qış fəslində havaların qeyri-sabit keçməsi bir çox virusların artmasına səbəb olur. Havaların soyuması kəskin respirator virus infeksiyalarının, yəni, yuxarı və aşağı tənəffüs yollarının xəstəliklərinə gətirib çıxarır. Bəzən isə həmin xəstəliyə yoluxanlar həkimə müraciət etməkdən çəkinir və apteklərdən müxtəlif dərman vasitələri alırlar. Qrip əleyhinə ən təsirli vasitələr həb və tozşəkilli preparatlar hesab olunur. Həmin preparatların ayrı-ayrılıqda qəbulu sağlamlıq üçün faydalı olduğu halda, onların birgə qəbulu qaraciyərdə toksiki təsiri artırır. Ona görə də həmin dərmanların mütəxəssis məsləhəti ilə müəyyən olunmuş miqdarda qəbulu məqsədəuyğundur.

AZƏRTAC xəbər verir ki, insanın qrip virusuna yoluxması əlamətlərin ortaya çıxmasından bir-iki gün əvvəl başlayır və ağırlaşma olmazsa, 5-7 gün müddətində davam edir. Xəstələr bu zaman düşünürlər ki, toz dərman vasitələrini qarışdırıb içmək onlara şəfa verəcək. Lakin bütün dünyada qaraciyərin toksiki zədələnməsi üzrə birinci qrup dərmanlar qeyri-steroid iltihab əleyhinə preparatlar hesab olunur. Onların arasında “Parasetamol” və “Nimesil” ən təsiredici sayılır.

Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasının şöbə müdiri Sahib Musayev bu mövzuda danışarkən deyib: “Virusa qarşı antibiotikin o zaman tətbiq edilməsi lazımdır ki, ağırlaşmaların qarşısı alınsın. Hər mövsüm qripin ayrı-ayrı formaları olduğuna görə standart dərman preparatı mövcud deyil və virusa qarşı aptekdə nəzarətsiz dərman preparatlarının alınıb qəbul olunması çoxlu fəsadlar yarada bilər”.

Azyaşlılarda isə eyni qrupdan olan bir neçə dərmanın verilməsi qaraciyərə zərər verməklə toksiki hepatitə səbəb ola bilər. 3-6 aylıq körpələr, böyrək və qaraciyər çatışmazlığından əziyyət çəkənlər, xroniki xəstəliyi olanlar və hamilə qadınlar üçün belə preparatlar olduqca təhlükəlidir.

Şöbə müdiri onu da deyib ki, bəzən xəstələr dərman vasitələri ilə əlaqədar əczaçılara müraciət edirlər. Lakin vətəndaşlar bilməlidirlər ki, aptekdə xəstələrə hansısa dərmanların məsləhəti qadağandır. İstər qrip, istərsə də digər viruslardan sağlamlığı qorumaq üçün vaxtında və düzgün profilaktikanın tətbiqi mütləqdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.