CƏMİYYƏT
Qrodno Dövlət Tibb Universitetinin nümayəndələri Azərbaycan Tibb Universitetinin klinikalarında yaradılan şəraitlə tanış olublar
Bakı, 4 oktyabr, AZƏRTAC
Belarusun Qrodno Dövlət Tibb Universitetinin nümayəndə heyəti Azərbaycan Tibb Universitetinin (ATU) qonağı olub.
Universitetin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, ATU-nun rəhbərliyi ilə keçirilən görüşdə belaruslu mütəxəssislər qarşılıqlı əlaqələrin gücləndirilməsi üçün atılması zəruri olan addımları müzakirə ediblər.
Universitetin elmi işlər üzrə prorektoru dosent Rauf Bəylərov qonaqlarla görüşdə əvvəlcə ali məktəbin tarixi haqqında danışıb. Universitetin 90 illiyinin, ATU-nun əsasını təşkil edən kafedranın isə 100 illiyinin qeyd olunduğunu bildirib.
R.Bəylərov ölkənin aparıcı ali məktəbi və elm ocağı olan Azərbaycan Tibb Universitetinin quruluşu, təhsil sistemi və klinikaları haqqında məlumatları qonaqların diqqətinə çatdırıb. O, qeyd edib ki, ATU uzun illərdir ki, ölkəmizdə tibb elminin inkişafı və bu sahədə yüksəkixtisaslı kadrların hazırlanması işinə töhfəsini verməkdədir.
Qrodno Dövlət Tibb Universitetinin müalicə işi üzrə prorektoru, dosent Vitaliy Şişko da təmsil etdiyi ali məktəbin fəaliyyətindən bəhs edib. O, səfərin əsas məqsədinin Belarusda ilk Universitet Klinikasının açılmasına dair prezident sərəncamının icrası ilə bağlı olduğunu diqqətə çatdırıb. Qrodno Dövlət Tibb Universitetinin təmsilçiləri Belarusda belə klinikanın yaradılması ilə bağlı ATU təcrübəsi ilə tanış olmaq niyyətindədirlər.
Səfər çərçivəsində Qrodno Dövlət Tibb Universitetinin nümayəndələri ATU-nun Tədris Terapevtik və Tədris Cərrahiyyə klinikalarında olublar, buradakı şəraitlə tanış olublar.