CƏMİYYƏT
Qrunt sularından səmərəli istifadəni nəzərdə tutan layihə şirin su ehtiyatlarına qənaət edilməsinə səbəb olacaq
Bakı, 6 avqust, AZƏRTAC
“Metro tunellərində formalaşan qrunt sularından səmərəli istifadə edilməsi” layihəsinin əsas məqsədi şirin su ehtiyatlarına qənaət olunmasıdır. Bakı şəhərinə verilən içməli suyun 40 faizə qədəri yaşıllıqların suvarılmasında və digər texniki məqsədlər üçün istifadə olunur. Şirin sudan belə istifadənin azaldılması və içməli sudan təyinatına uyğun istifadəni təmin etmək məqsədilə müxtəlif texniki su mənbələrinin axtarılması zəruridir. Bu məqsədlə icra olunan layihə çərçivəsində “Nizami” metro stansiyasının şaxtalarında formalaşan qrunt sularından nümunə götürülüb və analiz nəticəsində həmin suların suvarmaya yararlı olduğu müəyyənləşib. Xüsusi qurğular vasitəsilə götürülən həmin sulardan suvarma və digər məqsədlərlə istifadə olunacaq. Yaxın ərazidə yerləşən “Qış” parkı, “Mərkəzi” parkın da gələcəkdə buradan götürülən su ilə suvarılması məsələləri müzakirə olunur.
AZƏRTAC xəbər verir ki, bu sözləri Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Vüqar Kərimov deyib.
“Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi, su təsərrüfatının idarə olunmasının təkmilləşdirilməsi və bu sahədə fəaliyyətin əlaqələndirilməsi məqsədilə Su Komissiyası yaradılıb. Prezident İlham Əliyev bu ilin birinci yarışının yekunlarına həsr olunan iclasda və su məsələləri ilə əlaqədar keçirilən müşavirədə suyun səmərəli istifadəsi məsələsinə toxunaraq konkret tapşırıqlar verib. Ölkə başçısının 2020-ci il 27 iyul tarixli Sərəncamı ilə “Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair 2020-2022-ci illər üçün Tədbirlər Planı” təsdiq olunub. Tədbirlər Planının bir bəndində Bakı Metropoliteni Qapalı Səhmdar Cəmiyyəti, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Bakı Şəhər İcra Hakimiyyətinə metropolitenin stansiyalarında formalaşan qrunt sularının toplanaraq texniki məqsədlərlə, əsasən suvarılma məqsədilə istifadə imkanlarının araşdırılması və uyğun olduqda ondan istifadənin təmin edilməsi ilə bağlı müvafiq tədbirlərin görülməsi tapşırılıb. İlk layihə “Nizami” metro stansiyasının yerləşdiyi ərazidə həyata keçirilir. Növbəti layihə “Elmlər Akademiyası” metro stansiyasının yerləşdiyi ərazinin yaxınlığında icra olunacaq. “Hüseyn Cavid” parkı, Fəxri xiyaban, Şəhidlər xiyabanındakı yaşıllıqların suvarılmasında həmin metro stansiyanın ətrafında formalaşan sulardan istifadə olunması nəzərdə tutulub”, - deyə nazir müavini bildirib.
Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Şəhər təsərrüfatı şöbəsinin müdiri Ayaz Hüseynov bildirib ki, layihənin davamı olaraq Elmlər Akademiyasının ətrafında xüsusi qurğular tikiləcək: “Düşünürük ki, orada daha çox səmərə əldə edəcəyik. Eyni zamanda, həmin metro stansiyasının ətraf ərazisində yerləşən park və yaşıllıq sahəsinin birbaşa şəbəkəyə qoşulmaqla suvarılması və paralel olaraq xüsusi təyinatlı avtomobillərlə suyun daşınması həyata keçiriləcək. Belə mənbələr çox olsa da, onları təhlil edirik, çünki texnikanın daha qısa məsafəni qət etməsi daha səmərəlidir. Ona görə də “Elmlər Akademiyası” metro stansiyası uğurlu mənbələrdən biri olacaq”.
Onun verdiyi məlumata görə, hazırda layihə zamanı bir saata təxminən 120 kubmetr su əldə olunur. Səhər və axşam saatlarında intensiv su daşıması həyata keçirilir. Həmin sulardan BŞİH Mənzil-Kommunal Təsərrüfatı Departamenti tərəfindən küçələrin yuyulması və digər tədbirlər üçün də istifadə olunacaq.
Bakı Metropoliteni Qapalı Səhmdar Cəmiyyətinin sədr müavini Hidayət Məmmədov deyib ki, layihə yaşıllıqların suvarılması ilə yanaşı, paytaxtın texniki su təminatında da rol oynayacaq. Yeraltı qrunt sularından istifadəni nəzərdə tutan layihənin “Elmlər Akademiyası”, “Nəsimi”, “28 May” və qrunt sularının debitinin kifayət qədər olduğu digər stansiyalarda həyata keçirilməsi nəzərdə tutulub.