REGİONLAR
Qrup rəhbəri: Naxçıvandakı təmizlik, abadlıq və səliqə-sahman insanı valeh edir
Naxçıvan, 20 mart, Tural Kəngərli, AZƏRTAC
Qədim Naxçıvan diyarı gözəlliyi ilə göz oxşayır. Bu diyarda çox gözəl infrastruktur yaradılıb, kəndlər və şəhərlər abadlaşdırılıb. Naxçıvanın yaşıllığı, təmizliyi, abadlığı və səliqə-sahmanı insanı valeh edir.
Bu sözləri AZƏRTAC-a müsahibəsində “Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyası çərçivəsində Naxçıvanda səfərdə olmuş Bakının Nərimanov rayonundakı “Tərəqqi” texniki-humanitar liseyinin müəllimi Bircəxanım Aydınova deyib.
O qeyd edib ki, Naxçıvandakı elm ocaqlarında hər cür şərait yaradılıb. Naxçıvan Dövlət Universitetinin timsalında bunu daha aydın görmək olar. Universitetin çox gözəl kampusu, maddi-texniki imkanları var. Burada təhsilin yüksək səviyyədə aparılması üçün hər cür şərait yaradılıb. Muxtar respublikanın rayonlarında olarkən tam orta məktəblərdə də təhsilin yüksək səviyyədə aparılması üçün maddi-texniki bazanın yaradıldığının şahidi olduq. Həmin təhsil ocaqlarında quraşdırılan elektron lövhələr vasitəsilə interaktiv dərslərin keçirildiyini gördük. Naxçıvan məktəblərində yaradılan şərait Bakıdakı məktəblərdən heç də geri qalmır.
Bircəxanım Aydınova tur-aksiya iştirakçıları adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə onlara dahilər yurdu Naxçıvanla tanış olmaq imkanı yaratdığına görə minnətdarlığını bildirib.