RƏSMİ XRONİKA


Quba-Qusar avtomobil yolunda, Qudyalçay üzərində beşaşırımlı körpü istifadəyə verilmişdir VİDEO

Bakı, 18 sentyabr (AZƏRTAC). Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 18-də Quba-Qusar avtomobil yolunda, Qudyalçay üzərində beşaşırımlı körpünün açılışında iştirak etmişdir.

Son dövrlərdə paytaxtla yanaşı, bölgələrdə də yol-nəqliyyat infrastrukturunun yaradılması istiqamətində görülən işlərin miqyası daha da artmışdır. Bu kompleks tədbirlərin nəticəsidir ki, artıq respublika əhəmiyyətli yollarla bərabər həm də rayon və kənddaxili yollar müasir səviyyədə inşa edilir. Dövlət bu məsələyə daim böyük diqqət və qayğı ilə yanaşır. Yeni yolların və körpülərin salınması, mövcud olanların isə əsaslı şəkildə təmir edilməsi respublikada geniş vüsət almışdır. Belə tədbirlərin həyata keçirilməsi ilk növbədə sakinlərin rahatlığını və onların sosial məsələlərinin həllinin diqqət mərkəzində saxlandığını nümayiş etdirir. Bu, həm də dövlətimizin apardığı məqsədyönlü sosial siyasətin respublikanın kəndlərini belə geniş əhatə etdiyini göstərir.

Azərbaycan Prezidenti və xanımı Mehriban Əliyeva əvvəlcə körpünün texniki göstəricilərini əks etdirən stendlərə baxdılar.

Nəqliyyat naziri Ziya Məmmədov dövlətimizin başçısına və xanımına körpünün əsas parametrləri barədə məlumat verdi.

Bildirildi ki, Quba-Qusar avtomobil yolunda, Qudyalçay üzərində beşaşırımlı körpünün inşasına 2012-ci ildə başlanılmışdır. Təmir işləri qısa müddətdə, həm də yüksək keyfiyyətlə həyata keçirilmişdir. Uzunluğu 136, eni 14,5 metr olan körpüdə dayaqların sayı 6-dır. Körpüdə piyadalar üçün iki metr enində keçidlər salınmışdır. Doqquz ballıq zəlzələyə davamlı olan körpünün orta dayağı dörddirəkli konstruksiya ilə quraşdırılmışdır. Körpü üzərindən keçən 3,6 kilometr uzunluğunda yeni alternativ yol inşa olunmuşdur. Yeni körpünün inşası nəqliyyat vasitələrinin şəhərə daxil olmadan birbaşa Quba-Qusar avtomobil yoluna hərəkəti üçün nəzərdə tutulmuşdur. Bu isə nəqliyyat vasitələrinin hərəkətinin təhlükəsizliyini təmin etmək baxımından çox əhəmiyyətlidir.

Prezident İlham Əliyev körpünün rəmzi açılışını bildirən lenti kəsdi.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin