REGİONLAR
Quba, Qusar və Xaçmaz rayonlarının 106 min nəfərə yaxın sakini kütləvi tibbi müayinələrdən keçirilib VİDEO
Quba, 16 mart, Elxan Yusifli, AZƏRTAC
Fevralın 12-dən bu günədək Quba, Qusar və Xaçmaz rayonlarından olan, ümumilikdə, 106 min nəfərə yaxın sakin kütləvi tibbi müayinələrdən keçirilib. Müayinələr zamanı xəstəlik aşkarlanan şəxslər yerlərdə, zərurət yarandığı hallarda isə Bakı şəhərində və bölgələrdə fəaliyyət göstərən ixtisaslaşdırılmış tibb müəssisələrində əlavə müayinə və müalicəyə cəlb edilir, digər sağlamlaşdırıcı tədbirlər görülür.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu barədə martın 16-da Quba Tibb Kollecində ölkə əhalisinin kütləvi tibbi müayinələrdən keçirilməsi ilə bağlı şimal regionunda görülən işlərə həsr olunmuş regional konfransda bildirilib.
Səhiyyə Nazirliyinin nümayəndələrinin Quba, Qusar və Xaçmaz rayonlarındakı səhiyyə ocaqlarının rəhbər şəxslərinin və tibb işçilərinin iştirak etdiyi tədbirdə tibbi müayinələrin əhəmiyyətindən danışılıb, dispanserizasiya prosesinin gedişi barədə ətraflı məlumat verilib.
Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Cavid Xəlilov bildirib ki, Prezident İlham Əliyevin tapşırığına əsasən 2014-cü ildən başlayaraq ölkə vətəndaşlarının kütləvi tibbi müayinəyə cəlb edilməsi aksiyası həyata keçirilir. Mayın 12-dək davam edəcək müayinələr xəstəliklərin erkən aşkar olunmasına və vaxtında müalicəsinə, əhalinin sağlamlığının, xalqımızın genefondunun qorunmasına yönəlib.
Qeyd olunub ki, ölkəmizdə əhaliyə göstərilən səhiyyə xidmətinin yaxşılaşdırılması sahəsində mühüm addımlar atılır: yeni səhiyyə ocaqları inşa edilir, mövcud binalar əsaslı şəkildə təmir olunur. Səhiyyə ocağının ən son texnologiyalara uyğun, müasir tibbi avadanlıqlarla təchiz edilməsi sakinlərin lazımi qaydada müayinədən keçməsinə zəmin yaradır. Dövlətimizin başçısının əhalinin kütləvi tibbi müayinədən keçirilməsi ilə əlaqədar verdiyi tapşırıq isə vətəndaşlarımızın sağlamlığının qorunmasına dövlət qayğısının təzahürüdür.
Quba, Qusar, Xaçmaz rayonlarının mərkəzi xəstəxanalarının rəhbərləri tibbi müayinələrin yüksək səviyyədə təşkil olunduğunu qeyd edərək, səhiyyə ocaqlarında çalışan tibb işçilərinin aksiyada fəal iştirak etdiklərini vurğulayıblar. Bu günə kimi artıq Xaçmazda 52 min 434, Qubada 32 min 994, Qusarda isə 20 min 516 nəfər müayinəyə cəlb olunub.
Çıxışlarda qeyd edilib ki, müayinələrə cəlb olunan hər bir şəxsə həkimlər tərəfindən profilaktik baxış keçirilərək sağlamlığa dair məlumatlar toplanır. Vətəndaşlarda xəstəliklərə səbəb ola biləcək risk faktorları ilə bağlı tövsiyələr verilir.
Konfransda bildirilib ki, müayinələrlə əlaqədar respublika əhəmiyyətli tibb müəssisələrinin mütəxəssislərdən ibarət qrupları müntəzəm olaraq regionlara ezam edilirlər.