REGİONLAR


Quba Rayon Baytarlıq İdarəsi maldarlıq təsərrüfatlarında dezinfeksiya işləri aparıb

Bakı, 3 dekabr, AZƏRTAC

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin Quba Rayon Baytarlıq İdarəsi tərəfindən rayon ərazisində mövcud epizootik sabitliyin qorunması və zoonoz xəstəliklərin qarşısının alınması istiqamətində həyata keçirilən tədbirlərlə əlaqədar mal-qara, davar və quşlar yetişdirilən və saxlanılan binaların dezinfeksiyası, dezinseksiyası aparılır.

Dövlət Baytarlıq Xidmətindən AZƏRTAC-a bildiriblər ki, qışlamaya hazırlıq ilə əlaqədar olaraq Hacıhüseyinli kəndində “Quba KTMİ” MMC-nin maldarlıq təsərrüfatında 1750 kvadratmetr, Susayqışlaq kəndində Nazir Dadaşova məxsus maldarlıq təsərrüfatında 750 kvadratmetr, Qaraçay kəndində Vəlməmməd Yarməmmədova məxsus fərdi maldarlıq təsərrüfatında 810 kvadratmetr ərazidə dezinfeksiya və dezinseksiya işləri icra edilib.

Dezinfeksiya və dezinseksiya işlərinin bundan sonra da davam etdirilməsi nəzərdə tutulub.

Qeyd edək ki, cari ilin müvafiq dövrü ərzində Quba rayonunda 22750 kvadratmetr ərazidə dezinfeksiya, 2275 kvadratmetr ərazidə dezinseksiya tədbirləri aparılıb.

Rayonda epizootik sabitliyi qorumaq məqsədi ilə “Epizootiya əleyhinə diaqnostika və profilaktik tədbirlər planı”na uyğun olaraq, rayon ərazisində saxlanan heyvanlar və quşlar arasında profilaktik peyvəndləmə tədbirləri və diaqnostik müayinələr icra edilib.

Quba Rayon Baytarlıq İdarəsi tərəfindən həssas heyvanlar arasında bruselyoz xəstəliyini aşkarlamaq, xəstəliklərin yayılmasının qarşısını almaq məqsədilə 15506 baş iribuynuzlu və 4986 baş xırdabuynuzlu heyvandan (qoçlardan) bruselyoz xəstəliyinə görə qan nümunələri alınaraq müayinə edilib. Eləcə də 8727 baş iribuynuzlu heyvanda vərəmə (allergik), 4986 baş qoçda infeksion epidedimitə (seroloji) və 1949 baş atda manqo xəstəliyinə görə (maleinizasiya) müayinələr aparılıb və yoluxma aşkarlanmayıb.

Dövlət Baytarlıq Xidməti bildirir ki, ölkədə aparılan profilaktik peyvəndləmələrin, diaqnostik müayinələrin və baytarlıq-sanitariya tədbirlərinin vaxtlı-vaxtında icrası nəticəsində respublika ərazisində heyvanlar və quşlar arasında iti yoluxucu xəstəliklər baş verməyib və hazırda epizootik vəziyyət sabitdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.