CƏMİYYƏT
Quba Rayon Polis Şöbəsinin əməkdaşları qarın yağması ilə əlaqədar gücləndirilmiş iş rejiminə keçiblər
Bakı, 19 yanvar, AZƏRTAC
Quba Rayon Polis Şöbəsinin əməkdaşları qarın yağması ilə əlaqədar gücləndirilmiş iş rejiminə keçiblər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba regional qrupundan AZƏRTAC-a bildiriblər ki, Quba Rayon Polis Şöbəsinin dövlət yol polisi bölməsinin əməkdaşları rayon ərazisində təhlükəsizliyinin təmin edilməsi və baş verə biləcək xoşagəlməz hadisələrin qarşısının dərhal alınması istiqamətində zəruri qabaqlayıcı tədbirlər həyata keçirirlər.
Rayon ərazisində nəqliyyatın hərəkəti inspektorlar tərəfindən tənzimlənir, sürücülərlə profilaktiki söhbətlər aparılır və onlara yollarda olan vəziyyət haqqında məlumatlar verilir. Bundan əlavə, qarlı və buzlu yollara qum və duzun səpilməsi prosesinə polis əməkdaşları tərəfindən ciddi nəzarət olunur.
Həmçinin Quba Rayon Polis Şöbəsinin post patrul xidməti bölüyünün əməkdaşları da rayon ərazisində xidməti avtomobillərlə avtopatrul xidmətini yerinə yetirərək, yollarda qalmış və köməyə ehtiyacı olan vətəndaşlara kömək göstərirlər.