REGİONLAR
Quba Soyqırımı Memorial Kompleksi həmvətənlərimiz tərəfindən ziyarət olunur
Quba, 30 mart, Elxan Yusifli, AZƏRTAC
Azərbaycanlıların soyqırımının 105-ci ildönümü ilə əlaqədar Quba Soyqırımı Memorial Kompleksi həmvətənlərimiz tərəfindən kütləvi şəkildə ziyarət olunur. Hər gün yüzlərlə insan soyqırımı qurbanlarının xatirəsini anmaq, tarixi faktlarla daha yaxından tanış olmaq üçün Soyqırımı Muzeyinə gəlir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hazırda Quba Soyqırımı Memorial Kompleksinin əməkdaşları gücləndirilmiş iş rejimində çalışır. Ziyarətçilərə kompleksin bələdçiləri tərəfindən 4 dildə (Azərbaycan, ingilis, rus və ərəb) soyqırımı haqqında informasiyalar verilir.
Kompleksə gələn şagird və tələbələr, müxtəlif idarə və müəssisələrin kollektivləri, siyasi və ictimai təşkilatların üzvləri, sıravi vətəndaşlar ermənilərin törətdikləri soyqırımı haqqında ətraflı məlumatlar alırlar. Azərbaycanlıların soyqırımının 105-ci ildönümü ərəfəsində burada bir sıra tədbirlər, anım mərasimləri təşkil olunur.
2007-ci ildə Quba şəhərində aparılan tikinti işləri zamanı kütləvi məzarlığın aşkar olunması ermənilərin xalqımıza qarşı həyata keçirdiyi mart soyqırımının dəhşətlərini bir daha ortaya çıxarıb. Əldə olunan maddi sübutlar və sənədlər 1918-ci ilin mart-aprel aylarında və sonrakı dövrlərdə erməni millətçilərinin törətdikləri qanlı aksiyaların coğrafiyasının daha geniş və faciə qurbanlarının sayının qat-qat çox olduğunu sübuta yetirib.
Erməni millətçilərinin cinayətkar əməllərinin dünya ictimaiyyətinə çatdırılması, Azərbaycan xalqının milli yaddaşının qorunması və soyqırımı qurbanlarının xatirəsinin əbədiləşdirilməsi məqsədilə Prezident İlham Əliyevin 2009-cu il oktyabrın 30-da imzaladığı müvafiq Sərəncama əsasən, Heydər Əliyev Fondunun dəstəyi ilə Quba şəhərində Soyqırımı Memorial Kompleksi inşa edilib. 2013-cü il sentyabrın 18-də dövlətimizin başçısı İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə bu kompleksin açılışı olub.
Quba Soyqırımı Memorial Kompleksi fəaliyyətə başladığı 2013-cü ildən indiyə kimi ümumilikdə 1 milyondan çox ziyarətçi qəbul edib.