REGİONLAR


Quba Soyqırımı Memorial Kompleksi ilə tanışlıq tur-aksiya iştirakçılarının yaddaşında silinməz izlər buraxıb

Quba, 25 mart, Elxan Yusifli, AZƏRTAC

“Ölkəmizi tanıyaq” devizi ilə keçirilən maarifləndirici tur-aksiya çərçivəsində Quba Soyqırımı Memorial Kompleksi ilə tanışlıq məktəblilərin yaddaşında silinməz izlər buraxıb.

Şuşa rayonu 12 nömrəli tam orta məktəbin IX sinif şagirdi Şəmsur Abbasov AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində gördüklərindən çox təsirləndiyini, kompleksi ziyarət zamanı soyqırımı haqqında ətraflı məlumat aldığını bildirib. “Ötən əsrin əvvəllərində Azərbaycanın bütün ərazisində soydaşlarımıza qarşı soyqırımları törədilib. Quba soyqırımı məzarlığı erməni daşnaklarının tarixboyu xalqımıza qarşı məkrli niyyətinin bariz nümunəsidir. Biz gənc nəsil bunu heç vaxt unutmamalıyıq. İnanıram ki, tezliklə Şuşaya da belə tur-aksiyalar təşkil edəcəyik”, - deyə məktəbli bildirib.

Hacıqabul şəhər 8 nömrəli humanitar təmayüllü məktəb-liseyin IX sinif şagirdi Ayşən Piriyeva ölkəmizin şimal bölgəsinə ilk dəfə səfər edib. Quba-Qusar-Xaçmaz marşrutu üzrə ekskursiyanın iştirakçısı Azərbaycanın hər bir rayonunun özünəməxsus təbii gözəlliyə malik olduğunu bildirib: “Qusarda Şahdağ Turizm Mərkəzi, Şeyx Cüneyd türbəsi, Qubada isə Cümə məscidi, Qırmızı qəsəbə, Quba Soyqırımı Memorial Kompleksi, “ABAD Factory” İstehsalat Kompleksi, Tağlı körpü və başqa yerlərdə olduq. Hər bir məkan haqqında ətraflı məlumatlar aldıq. Quba və Qusarı çox bəyəndim. Bu ekskursiya zamanı tariximizi öyrənməklə yanaşı, ölkəmizin regionlarının nə qədər inkişaf etdiyinin də şahidi olduq”, - deyə Hacıqabul məktəblisi qeyd edib.

Cəbrayıl rayonunun Vüqar Hüseynov adına Daşkəsən kənd tam orta məktəbinin X sinif şagirdi Sərvinaz Hüseyzadə də Quba Soyqırımı Memorial Kompleksini ziyarət edən məktəblilər sırasındadır. O deyib: “Burada toplanan tarixi faktlar göstərir ki, ermənilər əllərinə düşən hər fürsətdə Azərbaycana qarşı ərazi iddialarını ortaya qoyublar. Onlar bizim torpaqlarımız hesabına özlərinə dövlət qurmaq istəyirlər. Amma şanlı Aprel döyüşləri göstərdi ki, Azərbaycan Ordusu buna imkan verməyəcək. Həmin uğurlu əməliyyatlar zamanı Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi işğaldan azad edildi. Mən əminəm ki, bütün torpaqlarımız düşmən tapdağından azad olunacaq və biz doğma yurdumuza qayıdacağıq”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.