REGİONLAR
Quba Soyqırımı Memorial Kompleksi ilə tanışlıq tur-aksiya iştirakçılarının yaddaşında silinməz izlər buraxıb
Quba, 15 noyabr, Elxan Yusifli, AZƏRTAC
“Ölkəmizi tanıyaq” devizi ilə keçirilən maarifləndirici tur-aksiya çərçivəsində Quba Soyqırımı Memorial Kompleksi ilə tanışlıq məktəblilərin yaddaşında silinməz izlər buraxıb.
Cəbrayıl rayonu Xanış Rüstəmov adına Yuxarı Mərcanlı kənd tam orta məktəbin XI sinif şagirdi Tural Kalbalıyev AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində kompleksi ziyarət zamanı soyqırımı haqqında ətraflı məlumat aldığını və gördüklərindən çox təsirləndiyini bildirib. “Ermənilər əllərinə düşən hər fürsətdə Azərbaycana qarşı ərazi iddialarını ortaya qoyublar. Burada toplanan tarixi faktlar da göstərir ki, onlar bizim torpaqlarımız hesabına özlərinə dövlət qurmaq istəyirlər. Şanlı Aprel döyüşləri zamanı mənim doğma rayonum Cəbrayılın Cocuq Mərcanlı kəndi işğaldan azad edildi. Bir gün bütün torpaqlarımız düşmən tapdağından azad olunacaq və biz doğma yurdumuza qayıdacağıq. Mən buna əminəm”, - deyə məktəbli bildirib.
Gəncə şəhər Məhəmməd Hadi adına 10 nömrəli tam orta məktəbin X sinif şagirdi Fatimə Xəlilova da Quba Soyqırımı Memorial Kompleksini ziyarət edən məktəblilər sırasındadır. O deyib: “Azərbaycanın bütün ərazisində soydaşlarımıza qarşı soyqırımları törədilib. Quba soyqırımı məzarlığı erməni daşnaklarının xalqımıza qarşı məkrli niyyətinin bariz nümunəsidir. Biz gənc nəsil bunu heç vaxt unutmamalıyıq. Bu ekskursiya zamanı tariximizi öyrənməklə yanaşı, ölkəmizin regionlarının nə qədər inkişaf etdiyinin də şahidi olduq”, - deyə Gəncə məktəblisi qeyd edib.