REGİONLAR


Quba-Xaçmaz iqtisadi rayonunda fəaliyyət göstərən 27 sahibkara 1,5 milyon manatdan çox güzəştli kredit verilib VİDEO

Quba, 8 may, Elxan Yusifli, AZƏRTAC

Quba-Xaçmaz iqtisadi rayonunda fəaliyyət göstərən 27 sahibkara 1,5 milyon manatdan çox güzəştli kredit verilib. Verilən kreditlər əsasən, heyvandarlıq, bağçılıq, süfrə suları istehsalı, meyvə-tərəvəz qablaşdırılması sahələrinin inkişafına yönəldiləcək. Bu kreditlərin reallaşdırılması nəticəsində 70-dən çox iş yerinin açılması mümkün olacaq.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, kreditlər sahibkarlara mayın 8-də Qubada sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələlərinə dair növbəti işgüzar forum çərçivəsində təqdim olunub.

Tədbirdə bildirilib ki, İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu sahibkarlığın inkişafının stimullaşdırılması məqsədilə sahibkarların maarifləndirilməsi, yeni dəstək mexanizmlərinin hazırlanması və tətbiqi, sahibkarlara maliyyə dəstəyinin göstərilməsi istiqamətlərində fəaliyyətini davam etdirir.

İşgüzar forum çərçivəsində Quba rayonunun iqtisadi potensialının reallaşdırılması məqsədilə prioritet hesab olunan kənd turizmi, arıçılıq və intensiv bağçılıq təsərrüfatlarının, meyvə-tərəvəz və süd emalı müəssisələrinin, ixtisaslaşdırılmış “yaşıl market” və logistik mərkəzin yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilib, sahibkarlara nümunəvi layihələr və metodiki materiallar paylanıb.

İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov çıxışında özəl bölmənin inkişafı istiqamətində həyata keçirilən dövlət dəstəyi tədbirləri, Sahibkarlığın İnkişafı Fondunun özəl bölmənin inkişafında, Bakı qəsəbələrində və regionlarda sahibkarlıq fəaliyyətinin genişləndirilməsi istiqamətində gördüyü işlər barədə məlumat verib. Bildirilib ki, bu ilin ötən dövründə 345 sahibkar tərəfindən təqdim olunan ümumi dəyəri 98,6 milyon manat olan investisiya layihələrinin maliyyələşdirilməsinə 37 milyon manat güzəştli kredit verilib. Bu kreditlərdən istifadə etməklə investisiya layihələrinin reallaşdırılması 1400-dən çox iş yerinin yaradılmasına imkan verir. Verilən güzəştli kreditlərin 65 faizi aqrar sektorun, 35 faizi müxtəlif sənaye məhsullarının istehsalı və emalının inkişafına yönəldilib.

Qeyd edilib ki, ümumilikdə, bugünkü forumda verilən kreditlər də daxil olmaqla indiyədək Quba-Xaçmaz iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 2700-dək investisiya layihəsinin maliyyələşdirilməsinə 204,1 milyon manat güzəştli kredit verilib.

Tədbir çərçivəsində Qubada güzəştli kredit ayrılmış çörək istehsalı müəssisəsinə və intensiv bağçılıq təsərrüfatına baxış keçirilib.

Ümumilikdə indiyədək dəyəri 165,5 milyon manat olan 29 intensiv bağçılıq və tingçilik təsərrüfatının maliyyələşməsinə 46,8 milyon manat güzəştli kredit verilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.