İQTİSADİYYAT
Quba-Xaçmazda ailələrin “ABAD”a qoşulması təşviq olunacaq YENİLƏNİB
Bakı, 26 dekabr, AZƏRTAC
Növbəti ildə Quba-Xaçmaz regionunda ailələrin “ABAD”a (Ailə Biznesinə Asan Dəstək) qoşulmasını təşviq edəcəyik.
AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov dekabrın 26-da "Kiçik sahibkarların “ABAD”la əməkdaşlığının qurulmasına dəstək" mövzusunda keçirilən tədbirdə deyib.
İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov Azərbaycan Respublikası Prezidentinin iqtisadi siyasət kursuna uyğun olaraq, qeyri-neft sektorunun inkişafında, iqtisadiyyatın diversifikasiyası və rəqabətqabiliyyətliliyinin artırılmasında, yüksək əlavə dəyər yaradan ixraca yönələn məhsul istehsalının genişləndirilməsində, məşğulluğun təmin edilməsində kiçik və orta sahibkarlığın rolunu vurğulayıb. Tədbirdə dövlət başçısının 2016-cı il 6 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş Strateji Yol xəritələri üzrə İqtisadiyyat Nazirliyi tərəfindən kiçik və orta sahibkarlığın inkişafı, o cümlədən qadın sahibkarlığının inkişafı istiqamətində stimullaşdırıcı mexanizmlərin tətbiqi, Sahibkar Qadınlar Assosiasiyasının və qadınlar üçün biznes-inkubatorların yaradılması, əl əməyi ilə məşğul olan kiçik sahibkarların bacarıqlarının artırılmasına yönəlmiş təşviqat tədbirlərinin və sərgilərinin keçirilməsinin, “ABAD” publik hüquqi şəxslə əməkdaşlığın genişləndirilməsinin əhəmiyyəti diqqətə çatdırılıb.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov “ABAD” publik hüquqi şəxs tərəfindən dekorativ-tətbiqi xalq sənətkarlığı və kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən ailə bizneslərinə dəstək layihələrinin həyata keçirildiyini qeyd edib, kiçik sahibkarların əl işlərinin daha çox insanlara çatdırılması üçün İqtisadiyyat Nazirliyi ilə əməkdaşlığın davam etdiriləcəyini bildirib.
Sonra kiçik və orta sahibkarlıq subyektlərinin təklifləri dinlənilib, onların biznes layihələrinin dəstəklənməsi məsələlərinə dair müzakirələr aparılıb.
Çıxış edən sahibkarlar belə tədbirlərin keçirilməsinin sahibkarlıq fəaliyyətinin genişlənməsinə təkan verdiyini vurğulayaraq, özəl bölmənin inkişafına yaradılan şəraitə görə dövlət başçısına minnətdarlıq ediblər.
Tədbirdə İqtisadiyyat Nazirliyinin, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin, Azərbaycan Sahibkar Qadınlar Assosiasiyasının, eləcə də 200-dək kiçik sahibkarlıq subyektinin nümayəndələri iştirak edib.