REGİONLAR
Quba-Xınalıq marşrutu turistlər arasında daha populyardır VİDEO
Quba, 20 avqust, Elxan Yusifli, AZƏRTAC
2015-ci ildə Quba rayonuna gələn turistlər daha çox Quba-Xınalıq turizm marşrutu üzrə səyahət ediblər. Turist sıxlığına görə ikinci yeri Quba-Afurca marşrutu tutur.
Bu barədə AZƏRTAC-a müsahibəsində Quba Turizm İnformasiya Mərkəzinin turizm mütəxəssisi Mətləb Şıxbabayev məlumat verib. O bildirilib ki, əcnəbi və yerli qonaqlar arasında Quba-Xınalıq, Quba-Afurca istiqamətləri ilə yanaşı Quba-Ləzə və Quba-Xanəgah marşrutlarını seçənlər də çoxluq təşkil edib.
Bu mövsümdə Quba Turizm İnformasiya Mərkəzinə müraciətlərin sayında 20-30 faiz artım müşahidə olunub. Son altı ay ərzində mərkəzin xidmətlərindən 2797 turist yararlanıb ki, onların da 323-ü əcnəbilərdir. Əcnəbi turistlərin əksəriyyətinin Qubaya səfəri onlayn müraciətlər əsasında təşkil olunub. Mərkəzə müraciət edənlər rayona gələn turistlərin təxminən 8-9 faizini təşkil edir. Ümumilikdə isə il ərzində Qubaya on minlərlə turist gəlib.
Mətləb Şıxbabayev bildirib ki, “Bakı-2015” birinci Avropa Oyunlarının keçirildiyi müddətdə rayona daha çox turist axını qeydə alınıb. Həmin dövrdə Quba Turizm İnformasiya Mərkəzi gücləndirilmiş iş rejimində çalışıb. Rayona gələn qonaqların çoxluğu nəzərə alınaraq mərkəz istirahət və bayram günlərində də fəaliyyət göstərib. Turistlərin rayonda istirahətini təmin etmək üçün “qaynar xətt” yaradılıb. Əcnəbi və yerli turistlər 24 saat ərzində (070) 530-76-70 nömrəsinə zəng edərək istirahət mərkəzləri, turizm marşrutları barədə ətraflı məlumat ala bilərlər. Quba Turizm İnformasiya Mərkəzi tərəfindən turistlərə ödəniş əsasında nəqliyyat vasitəsi və bələdçi təqdim olunur.
Müraciətlərin çoxluğu nəzərə alınaraq rayonda mövcud turizm marşrutlarının sayının artırılması nəzərdə tutulur. Yeni marşrutlar əsasən Qubanın tarixi abidələrlə zəngin, əsrarəngiz təbiət mənzərələri ilə seçilən yaşayış məntəqələri istiqamətində müəyyənləşdiriləcək. Hazırda isə Qubaya gələn turistlər 4 turizm marşrutundan faydalana bilərlər. Bunlar Quba-Xınalıq, Quba-Afurca, Quba-Ləzə və Quba-Xanəgah istiqamətlərində olan marşrutlardır.
Hazırda rayonda 36 istirahət mərkəzi fəaliyyət göstərir.