REGİONLAR


Quba-Xınalıq yolunda sel suları “Mercedes”i 30-40 metrlik dərəyə aşırıb VİDEO

Quba, 16 iyun, Elxan Yusifli, AZƏRTAC

İyunun 16-da Quba-İspik-Xınalıq yolunda dağlardan gələn sel suları nəticəsində “Mercedes” markalı avtomobil dərəyə aşıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə zamanı avtomobildə olan iki nəfər Bakı sakini maşını vaxtında tərk edə bilib və xəsarət almayıb.

Hadisə günorta saatlarında Quba-İspik-Xınalıq yolunun 55-ci kilometrliyində baş verib.

Xınalıq sakini Rüstəm Məlikov AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, qısa müddətli güclü leysan yağışı səbəbindən dağlardan gələn sel suları yolu basıb. Həmin vaxt yolda hərəkətdə olan “Mercedes” markalı avtomobil suyun içərisində qalıb. Avtomobildəki şəxslər yaxınlıqdakı insanların köməyi ilə selin ağuşundan xilas edilib. Getdikcə güclənən sel maşını dərənin 30-40 metrliyinə aşırıb.

Təxminən bir saat sonra sel suları səngiyib və yolda avtomobillərin hərəkəti bərpa olunub.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin Qubadakı 6 saylı yol istismar idarəsinin sahə rəisi Bilal Sultanov AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, hazırda Quba-İspik-Xınalıq yolunda avtomobillərin hərəkəti üçün heç bir maneə yoxdur. Amma Xınalıq kəndinə gələn turistlər belə hava şəraitini mütləq nəzərə almalı və münasib avtomobillərlə hərəkət etməlidirlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.