REGİONLAR


Quba şəhərində 28 May parkı istifadəyə verilib

Quba, 8 noyabr, Elxan Yusifli, AZƏRTAC

Noyabrın 8-də Quba şəhərində daha bir park sakinlərin və rayona gələn qonaqların istifadəsinə verilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Qudyalçayın sahilində, çoxillik nadir ağacların əhatəsində olan istirahət mərkəzində asudə vaxtın səmərəli və əyləncəli təşkili üçün şərait yaradılıb. Yenidənqurma işlərinə may ayından başlanan 28 May parkının ərazisi 3,5 hektaradək genişləndirilib. Buradan Quba Soyqırımı Memorial Kompleksi istiqamətindəki tarixi pilləkənlər təmir edilib, əraziyə asfalt döşənib.

Parkın açılışı və Dövlət Bayrağı Gününə həsr olunan mərasimdə çıxış edənlər istirahət məkanının yenidənqurmadan sonra istifadəyə verilməsinin qubalılara əsl bayram hədiyyəsi olduğunu bildiriblər.

Parkda 40 ədəd müasir işıq dirəyi quraşdırılıb, uzunluğu 40, eni isə 20 metr olan yeni idman meydançası yaradılıb, yeni idman-əyləncə qurğuları qurulub.

Tədbirdə bildirilib ki, müstəqilliyini bərpa etdikdən sonra Azərbaycanın dövlət bayrağı milli suverenliyin simvolu kimi ölkəmizin bütün vətəndaşları üçün müqəddəs dövlətçilik rəmzlərindən birinə çevrilib. Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan bu bayraq xalqımızın azadlıq məfkurəsinə, milli-mənəvi dəyərlərə və ümumbəşəri ideallara sadiqliyini nümayiş etdirir.

2009-cu il noyabrın 17-də Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında” Sərəncam imzalayıb. Həmin il dekabrın 4-də isə Milli Məclis noyabrın 9-nu Dövlət Bayrağı Günü kimi rəsmiləşdirib.

Dövlət Bayrağı Günü münasibətilə Qubada konsert və yürüş də təşkil olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.