REGİONLAR
Quba şəhərində Azərbaycan-Türkiyə qardaşlıq parkı istifadəyə verilib VİDEO
Quba, 10 may, Elxan Yusifli, AZƏRTAC
Mayın 10-da Quba şəhərində ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü münasibətilə Azərbaycan-Türkiyə Qardaşlıq Parkı istifadəyə verilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, mərasim iştirakçıları əvvəlcə Quba şəhərinin mərkəzində ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət ediblər.
Parkın açılış mərasimində Türkiyə Respublikasının ölkəmizdəki səfiri Cahit Bağçı, Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev, Milli Məclisin deputatları Əhliman Əmiraslanov, Qənirə Paşayeva çıxış edərək ölkələrimiz arasındakı dostluq və qardaşlıq münasibətlərindən danışıblar.
Çıxışlarda bildirib ki, Azərbaycan və Türkiyəni tarixi, milli, dini və mədəni köklər bir-birinə bağlayır. Bu səbəbdən də münasibətlərimiz dostluq, qardaşlıq prinsiplərinə və strateji müttəfiqliyə əsaslanır. Tarixi köklərə, qardaşlığa əsaslanan Azərbaycan-Türkiyə əlaqələri bütün sahələrdə, o cümlədən siyasi, iqtisadi-ticari, humanitar, hərbi və digər istiqamətlərdə uğurla inkişaf edir. Hər iki ölkə beynəlxalq müstəvidə də bir-birini birmənalı olaraq dəstəkləyir.
Qeyd, olunub ki, Türkiyə Vətən müharibəsinin ilk günlərindən Azərbaycanın mübarizəsində daim onu dəstəkləyib. Qardaş ölkə Azərbaycanı dəstəkləməklə haqqın, ədalətin tərəfində olduğunu nümayiş etdirib. Türkiyə-Azərbaycan birliyi dərin köklərə malikdir.
Səfir Cahit Bağçı Qubada olmağından məmnunluğunu ifadə edərək, iki ölkənin qardaşlığını özündə ifadə edən parkın açılışını əlamətdar hadisə adlandırıb.
“Bu gün istirahət parkının açılışındayıq. Burada olduğuma görə çox şadam. Azərbaycan-Türkiyə qardaşlığını özündə əks etdirən bu park gənc nəsillər uçub ölkələrimiz arasındakı münasibətlər haqqında təsəvvürün yaradılmasında mühüm rol oynayacaq. Parkın iki tərəfində İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın sözləri bu dostluğu daha aydın ifadə edir. Mən parkın açılış münasibəti ilə hamını təbrik edirəm. Bütün dünya gördü ki, Azərbaycan-Türkiyə qardaşlığı başqa münasibətlərdən fərqlidir. Bunu bir daha Qarabağ zəfərində göstərdik. Bundan sonra da daha güclü qardaşlıq üçün birlikdə, çiyin-çiyinə fəaliyyət göstərəcəyik”,- deyə səfir Cahit Bağçı söyləyib.
Yeni istirahət parkının eni 24, uzunluğu isə 60 metrdir. Parkda rəmzi olaraq iki qardaş ölkənin bayraqlarındakı ulduz və ayparalar təsvir edilib. Əliqulu Nərimanov küçəsində tikilən istirahət məkanının layihələndirilməsinə Azərbaycan və Türkiyədən mütəxəssislər cəlb olunub. Azərbaycan və Türkiyənin bayraqlarının dalğalandığı parkda sakinlərin asudə vaxtının səmərəli təşkili üçün lazımi şərait yaradılıb.