Quba şəhərində tapılan kütləvi məzarlıq 31 Mart soyqırımının qanlı epizodlarından biridir
AzerTAg.az
Tərtər, 31 mart, Tahir Ağaməmmədov, AZƏRTAC
31 Mart - Azərbaycanlıların Soyqırımı Günü respublikamızın hər yerində olduğu kimi, Tərtər rayonunda da müxtəlif tədbirlərlə qeyd edilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, martın 31-də rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının rəhbərləri, ictimaiyyət nümayəndələri Ulu Öndər Heydər Əliyevin abidəsi və “Şəhidlər” Abidə Kompleksi önünə gül dəstələri düzərək, Ümummilli Liderin, soyqırımı qurbanlarının və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərin xatirəsini ehtiramla anıblar.
Sonra Tərtər Rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası (YAP) rayon təşkilatının birgə təşkilatçılığı ilə “31 Mart - Azərbaycanlıların soyqırımı dünyaya Ümummilli Lider Heydər Əliyev tərəfindən tanıdılıb” mövzusunda dəyirmi masa keçirilib.
Tədbirdə çıxış edən YAP rayon təşkilatının sədri Eldar Əsədov 1918-ci il martın sonları – aprelin əvvəllərində Azərbaycanın müxtəlif bölgələrində Bakı Soveti qoşunları və daşnak erməni silahlı dəstələri tərəfindən azərbaycanlılara qarşı həyata keçirilən kütləvi qırğınlardan danışıb. Bildirib ki, həmin günlərdə Bakı şəhərində, habelə Bakı quberniyasına daxil olan Şamaxı, Quba və digər şəhər və qəzalarda on minlərlə dinc sakin məhz etnik və dini mənsubiyyətinə görə qətlə yetirilib, yaşayış məntəqələri dağıdılıb, mədəniyyət abidələri, məscid və qəbiristanlıqlar yerlə-yeksan edilib. Sonrakı dövrlərdə daha da azğınlaşan erməni millətçiləri qeyri-insani əməllərini davam etdirib, Qarabağ, Zəngəzur, Naxçıvan, Şirvan, İrəvan və digər bölgələrdə kütləvi qətllər, talanlar və etnik təmizləmələr həyata keçiriblər.
1998-ci il martın 26-da Prezident Heydər Əliyevin imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” Fərmanda həmin dəhşətli hadisələrə adekvat siyasi qiymət verilib və 31 Mart “Azərbaycanlıların Soyqırımı Günü” elan edilib. Ulu Öndər Heydər Əliyevin imzaladığı Fərmana əsasən soyqırımı tarixinin öyrənilməsi istiqamətində mühüm işlər görülüb, çoxlu kitablar yazılıb və əcnəbi dillərə tərcümə olunub. Ötən illər ərzində aparılmış araşdırmalar sayəsində bir çox yeni faktlar və sənədlər toplanıb.
Diqqətə çatdırılıb ki, Quba şəhərində tapılan kütləvi məzarlıq bu faciənin qanlı epizodlarından biridir. 1918-ci ilin aprel-may aylarında yalnız Quba qəzasında 167 kənd tamamilə məhv edilib. Quba soyqırımı məzarlığı 2007-ci il aprelin 1-də ərazidə torpaq işləri görülərkən aşkar olunub. 2009-cu ildə Nazirlər Kabinetinin sərəncamı ilə “Quba rayonunda kütləvi qətl qurbanlarının xatirəsinin əbədiləşdirilməsinə dair tədbirlər planı” təsdiq edilib, aşkar olunmuş kütləvi məzarlığın yerləşdiyi ərazidə monumental xatirə kompleksinin ucaldılması və abadlıq işlərinin aparılması qərara alınıb.
2007-ci ilin iyulundan etibarən Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşları tərəfindən kütləvi məzarlıqda geniş tədqiqat işlərinə başlanılıb, 2008-ci ilin sentyabrında isə tədqiqat işləri başa çatdırılıb. Tədqiqat nəticəsində məzarlığın 1918-ci ildə ermənilərin yerli dinc əhaliyə qarşı törətdiyi soyqırımı ilə bağlı olduğu müəyyən edilib. Tədqiqat işlərinin nəticəsi olaraq məzarlıqda müxtəlif yaş qruplarına aid 400-dən çox insan cəsədinin qalıqları aşkarlanıb. Onlardan 50-dən çoxu uşaqlara, 100-dən çoxu qadınlara, qalanları isə əsasən yaşlı kişilərə aiddir. Müəyyən edilib ki, məzarlıqda azərbaycanlılarla bərabər, Qubada yığcam halda yaşayan ləzgi, yəhudi, tat və digər etnik qrupların nümayəndələri də amansızcasına qətlə yetirilərək basdırılıb. Ərazidə yaradılmış Quba Soyqırımı Memorial Kompleksinin 2013-cü il sentyabrın 18-də açılışı olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2018-ci il yanvarın 18-də “1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında” Sərəncam imzalayıb.
Dəyirmi masada rayon icra hakimiyyəti başçısı aparatinın İctimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini Zabil Paşayev, Mamırlı kənd tam orta məktəbinin tarix müəllimi Səbuhi Kərimov, Şıxarx 2 saylı tam orta məktəbinin müəllimi Gülnar Vahabzadə, rayon mərkəzi xəstəxanasının həkimi Anar Salahzadə və Heydər Əliyev Mərkəzinin əməkdaşı Nəcmiyyə Zeynalzadə də çıxış edib, 31 Mart - Azərbaycanlıların Soyqırımı Gününün qan yaddaşımıza yazıldığını bildiriblər.


Xəbərin mətnində orfoqrafik səhv var