REGİONLAR
Quba soyqırımı məzarlığı erməni vəhşiliyinin iç üzünün dünyaya tanıdılması üçün canlı nümunədir VİDEO
Quba, 23 dekabr, Elxan Yusifli, AZƏRTAC
Dekabrın 23-də Türkiyədən gələn bir qrup media nümayəndəsi Quba Soyqırımı Memorial Kompleksini və ərazidəki kütləvi məzarlığı ziyarət edib.
AZƏRTAC xəbər verir ki, səfər “Qarabağdan Anadoluya könül körpüsü” layihəsi çərçivəsində reallaşıb.
Türkiyəli qonaqların diqqətinə çatdırılıb ki, 2007-ci ilin aprelində aşkarlanan Quba kütləvi məzarlığında əksəriyyəti uşaq, qadın və qocalar olan 400-dən çox insanın sümükləri tapılıb. Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutu tərəfindən aparılan tədqiqatlar nəticəsində məlum olub ki, məzarlıqda kütləvi şəkildə basdırılanlar ötən əsrin əvvəllərində erməni silahlıları tərəfindən vəhşicəsinə öldürülən yerli sakinlərdir.
Quba Soyqırımı Memorial Kompleksini ziyarət zamanı qonaqlara məlumat verilib ki, kompleks Heydər Əliyev Fondunun dəstəyi ilə yaradılıb və 2013-cü il sentyabrın 18-də açılışı olub.
Diqqətə çatdırılıb ki, kompleksdə XX əsrin əvvəllərində Quba şəhərinin müxtəlif ərazilərinin görüntüləri, o zaman burada aparılan tikinti-quruculuq işləri, əhalinin həyat tərzi haqqında fotolar vardır. Kompleksdə quraşdırılmış sensor ekranlı monitordakı xüsusi xəritədə ermənilərin ötən əsrdə xalqımıza qarşı respublikamızın müxtəlif bölgələrində həyata keçirdikləri soyqırımı aktları barədə bir neçə dildə məlumat əldə etmək mümkündür.
“GAP Gazeteçilər Birliyi”nin rəhbəri Zeynal Abidin Kıymaz məzarlığın erməni vəhşilərinin iç üzünün dünyaya tanıdılması üçün canlı nümunə olduğunu bildirib. Qeyd edib ki, bu həqiqətlərin dünyaya çatdırılmasında jurnalistlərin üzərinə böyük vəzifə düşür.
Türkiyəli qonaqları müşayiət edən Milli Məclisin deputatı Qənirə Paşayeva jurnalistlərə müsahibəsində bildirib ki, insanlığa qarşı cinayət olan bu soyqırımı faktlarına beynəlxalq hüquqi qiymət verilməlidir. Azərbaycan xalqına qarşı soyqırımı törədilməsini təsdiqləyən bir çox faktlar göz önündədir. Bu cinayəti törədənlər ədalət mühakiməsi qarşısında qanlı əməllərinə görə cavab verməlidirlər.